“Kəndlərdə məşğul əhalinin 49,9 faizi qadındır” - Hicran Hüseynova

  07 Mart 2019    Oxunub : 1139
 “Kəndlərdə məşğul əhalinin 49,9 faizi qadındır” - Hicran Hüseynova
"Azərbaycanda hər zaman qadının ailədə, işdə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin prioritet sahəsidir"

Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadınlar Dayanıqlı İnkişafa doğru" adlı tədbirdə çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, qadınlarımız, gənc qızlarımız dövlətin yaratdığı bütün imkanlardan yararlanır, sərbəst təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi proseslərdə iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə geniş təmsil olunurlar.

"İnsanın inkişafı, bütövlükdə qadın və kişilərin bərabər hüquqları, vəzifələri və imkanları deməkdir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə hədəflər müəyyən edilib. Baxmayaraq ki, gender bərabərliyi ayrıca məqsəd kimi göstərilib, lakin digər məqsədlərdə də gender komponenti var. Yoxsulluğun azaldılması, qidalanmanın yaxşılaşdırılması, hamı üçün ədalətli və keyfiyyətli təhsil imkanları, su ehtiyatlarından səmərəli istifadə, məşğulluq, təhlükəsizlik və ekoloji tarazlığın təmin edilməsi kimi hədəflərə nail olunmasında gender məsələləri əhəmiyyətli rol oynayır".

H.Hüseynova qeyd edib ki, bütün sahələrdə qadınların və qızların hüquqlarının bərabər səviyyədə qorunması, inklüziv, ədalətli, keyfiyyətli institutların yaranması üçün geniş imkanlar yaranıb.

"Bu imkanlar qadınların maarifləndirilməsi üçün şərait yaradır. Ölkənin 8 regionunda yaradılan Qadın Resurs Mərkəzləri qadınların iştirakçılığının artırılması üçün sistemli şəkildə iş aparır. Bunun nəticəsidir ki, artıq kənd yerlərində məşğul əhalinin 49,9 faizini qadınlar təşkil edir. Qadın sahibkarların sayı artır. Belə ki, əgər 2012-ci ildə sahibkar qadınların çəkisi 17 faiz idisə, 2019-cu ilin əvvəlinə bu göstərici 30 faizdən çoxdur. Dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda maraqlı tərəflərdən biri də qadınlardır. Çünki qadınlar həm də gələcək nəsil yetişdirir. Onlar sağlam, güclü, təhsilli olmalıdır ki, böyütdükləri övladları da hərtərəfli olsun. Hər bir qadın ailənin, cəmiyyətin, dünyanın bəzəyidir. Bu nadir gözəlliyin qorunması dünyanın müdafiəsi deməkdir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Komitə   Hicran-Hüseynova