“Çeçenlərlə dostluğumuza heç vaxt xələl gəlməyəcək” - Firdovsi Umudov
"Son günlər Rusiyada bəzi qüvvələrin təxribatı nəticəsində həmvətənlərimizlə dost Çeçenistan xalqının nümayəndələri arasında xoşagəlməz hallar baş verib və bu, xeyli narahatllq doğurur. Onilliklər boyu dost və qardaş münasibətlərində olan xalqlar arasında bu cür hallar qətiyyən yolverilməzdir. Bu gün ölkəmizdə çeçen millətinin xeyli sayda nümayəndəsi yaşayır, sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi də milliyyətcə çeçen olan Zəlimxan Hüseynovdur. Mütəmadi olaraq Çeçenstan idmançıları ilə birgə təlim-məşq toplanışlarında iştirak etmişik və aramızda heç zaman fikir ayrılığı olmayıb. Hətta qarışıq döyüş növləri üzrə dünyaca məşhur çeçen idmançılar Mairbek Taysumov və Yusuf Raisov da bizimlə təlim-məşq toplantısında bir araya gəlib və səmimi qəbul üçün təşəkkür ediblər".
F.Umudov qeyd edib ki, bir neçə ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Çeçenstan Prezidenti Ramzan Kadırovla Bakıdakı görüşündə də xalqlarımız arasında hər zaman dost münasibətlərinin olduğu bildirilib və xüsusi vurğulanıb ki, dar gündə bir-birimizin yanındayıq: "Azərbaycan həmişə Çeçenistan xalqına öz kömək əlini uzadıb, yardımını əsirgəməyib. Baş verənləri hər birimiz dərin narahatlıq hissi ilə qarşılayır və hər kəsi təxribata uymamağa çağırırıq. Əminəm ki, hər şey ən qısa zamanda yoluna düşəcək və dostluğumuza heç zaman xələl gəlməyəcək".
Azvision.az
Teqlər: Firdovsi-Umudov