Ötən il doktoranturaya 30 nəfər qəbul olunub

Ötən il doktoranturaya 30 nəfər qəbul olunub
  06 Fevral 2019    Oxunub:2037
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Akademiyadan Azvision.az -a verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq Humanitar Elmləri Bölməsinin (HEB) 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti məsələsinə baxılıb. HEB-ə daxil olan institut və təşkilatlardan, eləcə də kənar elmi müəssisələrdən mühüm elmi nəticələrin müəllifi olan alimlər elmi nailiyyətlərinə dair məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

İclasda çıxış edən bölmənin akademik-katibi, akademik Teymur Kərimli bildirib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, Rəyasət Heyətinin qərarları əsas götürülüb. Alim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında", 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi ilə bağlı, "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında", "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamları, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı, həmçinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və dilçiliyin inkişafına dair Dövlət Proqramı", "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" üzrə həyata keçirilən işlər haqqında geniş məlumat verib.

Dövlət başçısının görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı bir sıra sərəncamlar imzaladığını deyən akademik qeyd edib ki, "Mikayıl Müşfiqin 110 illiyinin keçirilməsi haqqında", "Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncamları bölmənin elmi tədqiqat müəssisələri tərəfindən yüksək səviyyədə icra olunub. Əlavə edib ki, "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamının icrası ilə bağlı Tədbirlər Planı hazırlanıb. Statistik məlumatları nəzərə çatdıran akademik vurğulayıb ki, ötən il bölmə üzrə 33 problemin 82 mövzusu, 373 işin 189 mərhələsi üzrə tədqiqat işləri aparılıb. Akademik 22 mövzuda 213 işin 188 mərhələsinin başa çatdığını söyləyib.

Bölmə üzrə nəşrlər haqqında məlumat verən T.Kərimli bildirib ki, 5-i xaricdə olmaqla 175 kitab, 13-ü xaricdə olmaqla 69 monoqrafiya, 300-ü xaricdə olmaqla 1904 məqalə, 57-si xaricdə olmaqla 225 tezis və 37 dərslik çap edilib. 2018-ci ildə bölmə əməkdaşlarının impakt faktorlu jurnallarda 24 məqaləsinin dərc edildiyini, elmi əsərlərə 655 dəfə istinad olunduğunu söyləyib. Bölmənin kadr hazırlığı məsələsinə toxunan natiq vurğulayıb ki, hesabat ilində doktoranturaya 30 nəfər qəbul olunub, 19 nəfər isə bitirib. Fəlsəfə və elmlər doktoru hazırlığı üzrə 43 nəfərin dissertasiya işini müdafiə etdiyini deyən T.Kərimli daha 60 işin müdafiəyə hazırlandığını diqqətə çatdırıb.

Natiq bölmənin institutlarında beynəlxalq elmi əlaqələrin hesabat ilində daha da genişləndiyini, bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirildiyini söyləyib. Alim hesabatda dövlət başçısının fərman və sərəncamlarının, AMEA-nın Rəyasət Heyətinin qərarlarının və AMEA prezidentinin sərəncamlarının icrası, struktur dəyişiklikləri, keçirilən konfrans və yubileylər, təltiflər, xarici ezamiyyətlər, elm və təhsilin inteqrasiyası sahəsində görülən işlər, gənc alim və mütəxəssislərin fəaliyyətləri və digər məsələlərə də toxunub.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə Humanitar Elmlər Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatı təsdiq edilib. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illik yubileyi ilə bağlı olaraq "Heydər Əliyev və Azərbaycan humanitar elmi" monoqrafiyasının hazırlanması, eləcə də Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi, "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı"nın icrası, multidissiplinar tədqiqatların aparılması, təhsil, kadr hazırlığı və digər istiqamətlərdə müvafiq tapşırıqlar verilib.

İclasda İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı da müzakirə olunub. Mövzu ilə bağlı çıxış edən akademik Teymur Kərimli ölkə başçısı İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" və Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı sərəncamlar imzaladığını xatırladıb. Vurğulayıb ki, bu sənədlərin icrasından irəli gələn məsələlərin həlli məqsədilə AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrində müvafiq Tədbirlər Planı hazırlanıb. Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə əlaqədar AMEA Tədbirlər Planını təsdiq edib və müvafiq tapşırıqlar verib.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti