"Həyata keçirilən islahatlar öz bəhrəsini verir" - AMEA prezidenti

"Həyata keçirilən islahatlar öz bəhrəsini verir" -    AMEA prezidenti
  05 Fevral 2019    Oxunub:2776
Fevralın 4-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın elmi müəssisə və təşkilatlarının gənc alimləri, doktorant və magistrantları ilə görüşüb.
Azvision.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada baş tutan görüşdə, həmçinin Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Akademiyanın Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov da iştirak ediblər.

Tədbirdə akademik Akif Əlizadə AMEA-da gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, magistrantların və doktorantların elmi fəaliyyətlərinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bu istiqamətdə Rəyasət Heyəti tərəfindən qərarlar qəbul olunub, sərəncamlar imzalanıb, onların həvəsləndirilməsi üçün müsabiqələr keçirilib.

Akademik həyata keçirilən islahatların öz bəhrəsini verdiyini, artıq gənc alimlərin AMEA-nın elmi-ictimai fəaliyyətində aktiv iştirak etdiyini və mühüm elmi nəticələr göstərdiklərini söyləyib.

Görüşdə, həmçinin Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva, 2019-cu il elm sahəsi üzrə Gənclər üçün Prezident Mükafatına layiq görülən Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov, Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Gəncləri Günü münasibətilə təltif olunan İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) elmi işçisi Günay İsgəndərli və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) elmi işçisi Səmra Mirzəyeva çıxış edərək AMEA-da gənc alimlərin elmi-ictimai fəaliyyət göstərməsi üçün yüksək şəraitin yaradıldığını bildirib, tədqiqatlarını bundan sonra da davam etdirəcəklərini söyləyiblər.

Sonra elmi fəaliyyətdə fərqləndiklərinə görə, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov, İTİ-nin elmi işçisi Günay İsgəndərli, Radiasiya Problemləri İnstitutunun doktorantı Hacı Vahid Axundzadə, Neft-Kimya Problemləri İnstitutunun böyük elmi işçisi Səbinə Heydərova, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük laborantı, kimya üzrə fəlsəfə doktoru Sara Cəbiyeva, Coğrafiya İnstitutunun kiçik elmi işçisi Turanə Hüseynova, Respublika Seysmoloji Xidmət Mərkəzinin kiçik elmi işçisi Nərminə İsmayılova, MBBİ-nin kiçik elmi işçiləri – Elnarə Sadıqova, Səidə Zülfüqarova və Zoologiya İnstitutunun kiçik elmi işçisi Nərmin Beydizadə AMEA-nın Fəxri Fərmanları ilə təltif olunublar.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti