Təhsil naziri: “Müəllim olmaq istəyənlərin sayı 3 dəfə artıb”

    Təhsil naziri:    “Müəllim olmaq istəyənlərin sayı 3 dəfə artıb”
  01 Fevral 2019    Oxunub:2630
"Azərbaycan müəllimlərinin 27 faizi gəncdir"

Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə deyib. Nazirin sözlərinə görə, hazırda ölkə üzrə 144 414 müəllimdən 39 179 nəfəri 35 yaşa qədər olanlardır.
"Həmin müəllimlərin 6099 nəfəri Bakı şəhərinin payına düşür. Son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir".

C. Bayramov ötən il işə qəbul olunan 4100-ə yaxın müəllimin 2724 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edildiyini deyib. "Ümumilikdə isə müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində son 5 ildə 18 136 müəllim işə qəbul olunub. Onların kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərinə (64 faiz) həvəsləndirmə tədbirləri tətbiq edilib".

Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə edildiyini bildirən təhsil naziri vurğulayıb ki, 2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub.

"Ötən il keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Ceyhun-Bayramov   Nazir  





Xəbər lenti