Azərbaycan-Rusiya İşgüzar Şurası toplandı

Azərbaycan-Rusiya İşgüzar Şurası toplandı
  26 Yanvar 2019    Oxunub:2714
Kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, neft və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox biznes struktur və təşkilat nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclası İşgüzar Şuranın idarə heyətinin sədri Səməd Qurbanov açaraq ötən il ərzində təşkilatın fəaliyyətinin yüksək aktivliyini və müsbət nəticələrini qeyd edib.

S.Qurbanov cari ildə Azərbaycan-Rusiya İşgüzar Şurasının iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı üçün mövcud potensialı maksimal səviyyədə istifadə etmək niyyətində olduğunu vurğulayıb.

İclas inzibati məsələlərin müzakirəsi ilə davam edib.

Səsvermə zamanı "Logistika", "Qida məhsulları və kənd təsərrüfatı", "Sertifikatlaşdırma və gömrük proseduraları" komissiyalarının sədrləri Natiq Heydərov, İsmayıl Orucov və Namiq Tağıyev seçilib. Həmçinin N.Heydərov idarə heyətinin müavini seçilib.

Daha sonra Azərbaycan-Rusiya İşgüzar Şurasının www.ards.az portalının yeni imkanlarının təqdimatı keçirilib. İşgüzar Şura haqqında ətraflı məlumatla yanaşı, portal şura üzvlərinə "Şəxsi kabinet" vasitəsilə geniş funksiyalar təqdim edir. Belə ki, “Şəxsi kabinet”də elektron qeydiyyat funksiyası ilə tədbirlər proqramı yerləşdiriləcək. Bundan əlavə, şura üzvləri Rusiya şirkətlərindən əməkdaşlıq təkliflərinə xüsusi giriş imkanı əldə edəcək və yeni tərəfdaşlarla əlaqə yaratmaq üçün "Maraqlı olduğunu bildirmək" funksiyasından istifadə edə biləcəklər. Həmçinin "Şəxsi kabinet"də şura üzvləri bildirişlər alaraq, habelə məktub və sorğular göndərərək şura rəhbərliyi ilə ünsiyyət qura biləcəklər.

İclasın yekun hissəsində iştirakçılar 2019-cu ilin birinci yarısına olan tədbir və layihələr planını müzakirə ediblər.

Azvision.az


Teqlər:





Xəbər lenti