Proqram mühəndisliyi: Azərbaycan bu sahədə ciddi işlər görməlidir - TƏHLİL

      Proqram mühəndisliyi:    Azərbaycan bu sahədə ciddi işlər görməlidir -    TƏHLİL
  25 Yanvar 2019    Oxunub:9657
Şəfəqət Mahmudova,
AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent

Tamilla Bayramova,
AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi

Müasir dövrdə informasiya cəmiyyəti inkişaf edərək getdikcə daha böyük vüsət alır. Kompüterlər cəmiyyətdəki bütün proseslərə, o cümlədən, elmi-tədqiqat işlərinə, iqtisadiyyata təsir göstərərək, ümumilikdə insanın fəaliyyət formasını dəyişdirir və müxtəlif sahələrin inkişafına səbəb olur. İnsanların yeni texnologiyaları öyrənməsi və onu müxtəlif sahələrə tətbiq etməsi yeni sistemlərin və proqram təminatının (PT) yaranmasına və inkişafına səbəb olur.

Proqram komplekslərinin yaradılma texnologiyaları proqram məhsullarının həyat dövründə tətbiq edilən müasir avtomatlaşdırılmış metodlara və texniki vasitələrə əsaslanır. Belə vasitələrin baha olması proqram məhsullarının qiymətinin də artmasına səbəb olur.

Proqram komplekslərinin tətbiq sahələrinin mürəkkəbliyinin və miqyasının artması bu sahədə metodların dəyişilməsinə gətirib çıxardı. Kiçik proqramların fərdi proqramlaşdırılmasından imtina edildi. Layihələndirmənin müasir metodlarından istifadə etməklə böyük proqram komplekslərinin kollektiv şəkildə hazırlanması texnologiyasına keçildi. Əldə edilmiş biliklər, həddən artıq mürəkkəb proqramların işlənilmə təcrübəsi və s. proqramların yaradılma texnologiya və metodlarının sistemləşdirilməsinə və ümumiləşdirilməsinə gətirib çıxardı. Nəticədə proqram təminatının həyat dövrünün işini təmin edən müasir metodlara əsaslanan proqram mühəndisliyi (PM) yarandı.

Proqram mühəndisliyi – kompüter elmi və texnologiyasının çox böyük və mürəkkəb proqram sistemlərinin yaradılması ilə məşğul olan bir sahəsidir. Başqa sözlə desək, proqram mühəndisliyi sistemləşdirilmiş standartlar qrupundan istifadə etməklə proqram vasitələri və komplekslərinin işlənilməsi, praktiki tətbiqi, müşayiət edilməsi və təkmilləşdirilməsini təmin edən elm sahəsidir.

İlk dəfə Proqram mühəndisliyi (Software Engineering) termini 1968-ci ildə NATO-nun, üçüncü nəsil hesablama texnikasının tətbiqi nəticəsində “proqram təminatında (PT) yaranmış böhrana” həsr edilmiş konfransında irəli sürülüb. Elə həmin ildə Londonda PT-nin işlənilməsi üzrə 22 layihə rəhbərinin görüşü keçirilib. Görüşdə PT-nin problem və perspektivləri müzakirə edilib və ilk dəfə proqram təminatının həyat dövrü (SLC – Software Lifetime Cycle) konsepsiyası irəli sürülüb. Bu konsepsiya ətrafında müxtəlif mübahisələr yaranmışdır. 1970 ildə U.U.Roys (W.W.Royce) belə bir fikir irəli sürür ki, həyat dövrünün mərhələləri üzərində nəzarətin olması PT-nin keyfiyyətini artırmağa və onun işlənilməsinə çəkilən xərcləri azaltmağa imkan verəcək.

1972-ci ildə IEEE proqram mühəndisliyinə həsr olunmuş Transactions on Software Engineering adlı jurnalın 1-ci nömrəsini buraxdı.

Sistemlərin və proqram təminatlarının yaradılması üçün müxtəlif ixtisaslı işçi kollektivi tələb olunur. Adətən belə sistemlər uzun illər tətbiq edilir, versiyaları yenilənir, həyat dövründə çoxsaylı dəyişikliyə uğrayır, yeni mühitə uyğunlaşdırılır.

Proqram təminatı kompüter proqramları və onlarla əlaqəli olan sənədlər dəstidir. Proqram mühəndisliyi təkcə PT-nin texniki məsələləri ilə deyil, həm də proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. kimi məsələlərlə də məşğul olur. Bundan əlavə PM-in əsas məqsədi PT-nin istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir.

Peşəkar insan fəaliyyətinin çox sahələrində proqram təminatından (PT) istifadə olunur: maşınqayırma, aviakosmik sənaye, avtomobil istehsalı, kosmosun tədqiqi, iqlimi idarəetmə, ətraf mühitin müdafiəsi, milli təhlükəsizlik, maliyyə və iqtisadiyyat, səhiyyə və s. Belə əhəmiyyətli PT-lər üçün yüksək etibarlılıq tələb olunur.

Proqram təminatının həyat dövrü proqram məhsulunun yaradılması haqqında qərarın qəbul olunması anından başlayaraq onun istismardan tam aradan qaldırması anına qədər olan müddətidir.

Mürəkkəb proqram sistemlərinin geniş tətbiqi onların dəqiq təşkil edilməsi, planlaşdırılması, layihələrin konkret müddətinin təyin edilməsi və iqtisadi effektivliyinin təhlil edilməsi tələbatını yaratdı. Bu məsələlərin həlli üçün proqram mühəndisliyinin proqram vasitələrinin həyat dövrünün iqtisadi tərəflərini öyrənən yeni sahəsi yarandı.

Proqramların tətbiq sahələrinin genişlənməsi və onların yerinə yetirdiyi funksiyaların artması proqram məhsullarının keyfiyyət xarakteristikalarının dəqiq reqlamentləşdirilməsi və proqrama olan tələblərin sənədləşdirilməsi tələbatını yaratdı. Proqram məhsullarının tələb olunan keyfiyyətini, etibarlılığını və təhlükəsizliyini təmin etmək üçün metod və avtomatlaşdırılmış vasitələr tətbiq edilməyə başladı. Proqram məhsullarının keyfiyyətinə olan tələblərin artması mütəxəssislərin təhsilinin, ixtisaslarının artırılması, kollektivdə işləmə qabiliyyətinin olması vacib şərtlərdən biri oldu. Bu da öz növbəsində yüksək korporativ mədəniyyətə malik olan mütəxəssis kollektivlərinin yaranması ilə nəticələndi.

Azərbaycanda kibernetika elmi və proqramlaşdırma 60-cı illərdən başlayaraq formalaşmağa başlamışdır (müqayisə üçün qeyd edək ki, dünyada proqram məhsullarının eksportu üzrə lider ölkə hesab olunan Hindistanda bu sahə 1985-ci ildən başlayaraq inkişaf etmişdir). SSRİ dövründə digər respublikalarda olduğu kimi Azərbaycanda da kompüter elmləri inkişaf edirdi. Proqramlaşdırma məsələləri üzrə minlərlə mütəxəssis çalışırdı. Bu mütəxəssislər tətbiqi riyaziyyat və kibernetika elmi sahəsində kifayət qədər yüksək biliklərə malik idilər. Sovet hakimiyyəti dövründə dövlət sistemində proqramçı vəzifəsi bir peşə kimi mövcud olsa da, proqram mühəndisliyi təfəkkürü hələ formalaşmamışdı. SSRİ dağıldıqdan sonra mütəxəssislərin əksəriyyəti işsiz qaldı. O zaman çox az sayda proqramçı kollektivləri mövcud idi.

Dünyada proqramlaşdırma sahəsində 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində bir “trend”, bir sıçrayış oldu. Təəssüflə qeyd etməliyik ki, Azərbaycan məlum səbəblərdən həmin “trend”i qaçırdığından hazırda bu sahə üzrə aparıcı ölkələrlə rəqabət aparmaq imkanına malik deyil. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra respublikada aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində iqtisadi və sosial-siyasi sahələrdə dinamik inkişafa nail olunmuşdur. Respublikanın beynəlxalq nüfuzu, müdafiə qüdrəti, iqtisadi potensialının artması və əhalinin rifahının yüksəlməsi Azərbaycan dövlətinin qloballaşan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmasına möhkəm zəmin yaratmışdır.

Müasir mərhələdə Azərbaycanın davamlı və dayanıqlı inkişaf siyasətinin prioritet istiqamətlərindən olan informasiya-kommunikasiya texnologiyaları (İKT) sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Məlumdur ki, Azərbaycanda iqtisadiyyatın inkişafının əsasında hələ də neft sektoru dayanıb. İKT sahəsinə göstərilən böyük diqqət və qayğı, ölkə prezidentinin İKT sektorunu enerji sektorundan sonra ikinci prioritet sahə elan etməsi heç də təsadüfi deyil. Bu səbəbdən də ölkədə neft sənayesinə alternativ sahə kimi İKT sektorunun inkişafına xüsusi diqqət yetirilir.

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı (Elektron Azərbaycan) qəbul edilmişdir. “Elektron Azərbaycan” Dövlət Proqramında nəzərdə tutulan tədbirlər informasiya cəmiyyətinə keçidi təmin etmək üçün ilkin mərhələdə görüləcək işləri əhatə etmişdir. 2013-cü il ölkəmizdə Azərbaycan Prezidentinin sərəncamı ilə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. 2013-cü ildə həm də yeni texnologiyaların inkişafını və onların həyatımızın müxtəlif sahələrində tətbiqini nəzərə alaraq, kadr potensialını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Azərbaycanda İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə qərar qəbul etmişdir.

Qlobal informasiya cəmiyyətində bilik əmtəəyə çevrilir, nəticə etibarilə biliklər iqtisadiyyatı formalaşır. Savadlı, yüksək motivasiya və peşəkar biliklərə malik olan insanlarsız biliklərə əsaslanan iqtisadiyyatı qurmaq çox çətindir.
İstənilən dövlətin milli iqtisadiyyatının inkişafı üçün qabaqcıl texnologiyalardan istifadə edilməsi vacib amillərdən biridir. Müasir dövrdə informasiya cəmiyyətinin inkişafı informasiya kommunikasiya texnologiyalarına olan tələbatı daha da artırmış, proqramla idarə edilən sistemlər bütün sahələrdə tətbiq edilməyə başlanılmışdır.
İnkişaf etmiş proqram təminatı sənayesi olan regionlardan söz düşəndə ABŞ, Koreya ilə yanaşı ilk növbədə İrlandiya və Hindistanın da adı çəkilir.

Proqram məhsulları sənayesinin gəlirləri milyardlarla ölçülür. Hal hazırda proqramların ixracı üzrə Hindistan birinci yerlərdədir. Ötən il Hindistanın İKT sahəsində gəliri 120 mlrd dollar olmuşdur ki, bunun da 60%-dən çoxu proqram təminatı sənayesinin üzərinə düşür. Hindistanın bu sahədə götürdüyü gəlir Rusiyanın neft və qazdan götürdüyü gəlirlə təxminən eyni olmuşdu. Hindistanın təkcə Infosys şirkətinin kapitalı 35,56 mlrd dollar təşkil edir, təmiz gəliri 1,75 mlrd dollardan artıqdır.

Ölkəmizdə informasiya texnologiyaları sahəsində tədris və elmi potensial kifayət qədərdir. Yüksək texnologiyalar sahəsində Azərbaycanın da öz məhsullarını ixrac etməsi arzu ediləndir. Neftdən gələn gəliri insan resurslarının inkişafına yönəltməklə Azərbaycan İKT sahəsində inkişaf etmiş ölkələr sırasında layiqli yer tuta bilər. İKT məhsulları dedikdə “hardware” (aparat təminatı), “software” (proqram təminatı) və nisbətən yeni anlayış olan “brainware” (intellektual təminat) məhsulları nəzərdə tutulur. Sistem “software” və “hardware” məhsullarına məşhur və nəhəng şirkətlər nəzarət etdiyindən dövlətimiz ancaq “software”, “brainware” məhsullarını inkişaf etdirərək rəqabətli bazarda mənfəət əldə edə bilər. Qeyd edək ki, Azərbaycanın yüksək texnologiyalar sahəsində regional mərkəzə çevrilməsi üçün bütün əsaslar var. Beynəlxalq Ticarət Mərkəzinin hazırladığı məruzədə (BMT və Beynəlxalq ticarət təşkilatı ilə birgə) Azərbaycanın İKT üzrə Transxəzər kibernetika bazarında lider olması üçün potensialının olduğu qeyd edilmişdir. Kadr potensialı, informasiya texnologiyaları (İT) bazarının perspektivliliyi və uğurlu coğrafi mövqeyi sayəsində Azərbaycan, demək olar ki, bütün regional layihələrin mərkəzində ola bilər.

Bütün bu faktorları nəzərə alaraq deyə bilərik ki, İKT-nin sürətli inkişafı ilə əlaqədar olaraq artıq Azərbaycanda “elektron iqtisadiyyat”ı formalaşmaqdadır və proqram mühəndisliyi iqtisadiyyatda xüsusi əhəmiyyət kəsb edir. Proqram mühəndisliyi yalnız proqram təminatının yaradılması ilə məşğul olmur. İstənilən bir proqram təminatının yaradılması üçün sifarişçi tərəfindən proqrama qoyulan tələblərin təhlil edilib sənədləşdirilməsi, layihələndirilməsi, proqram kodunun işlənilməsi, sınaq və attestasiya, istismar və müşayiət etmə mərhələlərinin texniki tərəfləri ilə yanaşı, onun iqtisadi aspektlərini də əhatə edir. Proqramların ancaq müəyyən bir hissəsi vaxtında və büdcə vəsaitlərinə uyğun olaraq yerinə yetirilir. Digərlərində büdcədən kənara çıxmalar, vaxtın uzadılması kimi problemlər yaranır. Bəzi proqramlar isə büdcənin vaxtından əvvəl xərclənməsi nəticəsində və ya keyfiyyətsiz olduqlarına görə sona çatdırıla bilmir. Ona görə də proqram təminatının maya dəyərinin düzgün qiymətləndirilməsi, yaradılacaq sistemin keyfiyyətli işinin təmin olunması, proqramı işləyəcək kollektivin düzgün seçilməsi üçün proqram mühəndisi menecment sahəsi üzrə də yaxşı mütəxəssis olmalıdır. İnformasiya təhlükəsizliyi proqram mühəndislərinin üzərinə xüsusi vəzifələr qoyur. Bunlardan ən önəmlisi milli maraqlara xidmət edən informasiya sistemlərində yalnız yerli proqramçılarımız tərəfindən işlənilmiş, sınaqdan keçirilmiş proqram məhsullarının istehsal olunmasıdır.

Proqram mühəndisliyi üzrə dünya liderləri sırasında olmaq üçün Azərbaycanın qarşısında duran bir sıra əsas problemləri qeyd edək:
1. Azərbaycanda proqram məhsullarının inkişafına yönəlmiş dövlət proqramının olmaması;
2. Bu sahə üzrə ingilis dilində sərbəst danışa bilən mütəxəssislərin az olması;
3. Beynəlxalq sertifikatlar almış müəssisələrin sayının az olması (müqayisə üçün deyək ki, Hindistanda 300-dən çox CMM sertifikatı alan müəssisə var, bunlardan 27-si 5-ci səviyyəli CMM sertifikata malikdir);
4. Proqramçılar tərəfindən tanınan istehsalın keyfiyyətinin idarə edilməsi sistemlərinin və layihə menecmenti üzrə dünya standartlarına
uyğun hazırlanmış mütəxəssislərin olmaması;
5. Ölkədə bu sahədə standartların az olması.
Azərbaycanda irimiqyaslı proqram layihələrinin olmaması proqram mühəndisliyinin bir sənaye kimi formalaşmasına imkan vermir. Proqramçı əməyinin ucuz qiymətlə dəyərləndirilməsi, bu sahə üzrə təhsilin keyfiyyətinin lazımi səviyyədə olmaması, müvafiq İT-mütəxəssislərin hazırlanması üçün tədris ixtisaslarının az olması nəticəsində xarici ölkələrə kadr axınının sürətlənməsi və s.

Son statistikaya əsasən şağıda bəzi ölkələrdə fəaliyyət göstərən proqramçıların sayı göstərilmişdir.
Rusiya – 450000
Ukrayna – 180000
Gürcüstan – 15000
Ermənistan – 12000
Azərbaycan – 1500
Bu gün ən vacib məsələlərdən biri proqram mühəndisliyinin inkişafı üçün məhsuldar mühitin yaradılması, İT mütəxəssislərinin bu sahəyə olan marağının artırılması, İnternet-forumlar, elektron göndərişlər, dövri nəşrlər, sərgi və seminarlar vasitəsilə proqram mühəndisliyi üzrə təcrübə, informasiya və bilik mübadilələrinin aparılmasıdır. Proqram mühəndisliyi üzrə Azərbaycan dilində kitabların və digər nəşrlərin hazırlanması da vacibdir.

Dünya standartlarına əsaslanaraq, dövlət səviyyəsində proqram mühəndisliyi sahəsində müasir standartların qəbul edilməsi, müvafiq təhsil və elmi ixtisasların təsdiq edilməsi, İT-mütəxəssislərin ixtisaslarının artırılması üçün xarici ölkələrə göndərilməsi vacibdir.



Teqlər: İKT   Proqramlaşdırma   İnformasiya-texnologiyaları   Proqram-mühəndisliyi  





Xəbər lenti