Azərbaycanda ilk dəfə toxumçuluq istixanaları yaradılır

  24 Yanvar 2019    Oxunub : 1356
Azərbaycanda ilk dəfə toxumçuluq istixanaları yaradılır
Azərbaycanda ilk dəfə olaraq yaradılan toxumçuluq istixanaları bu sahənin inkişafına böyük təkan verəcək.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 24-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşü zamanı elmi-tədqiqat ocağında görülən işlərdən danışaraq deyib: “2016-cı ildə bu institutun müasir səviyyədə qurulması üçün müvafiq Sərəncam imzalanmışdır, işlər başlamışdır və indi 30 hektar ərazidə ən müasir mərkəz yaradılıbdır - istixanalar, institutun gözəl binası, laboratoriyalar. Bu institutun fəaliyyəti çox böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycanda ilk dəfə olaraq toxumçuluq istixanaları yaradılır. Hazırda bizdə istixanaların sayı çoxdur və indi tərəvəzçiliyə böyük maraq var. Toxumçuluq istixanalarının yaradılması isə ancaq bu gündən başlayır və bu mərkəz ölkəmizin hər bir bölgəsinə dəstək olacaq”.

Tərəvəzçiliyin kənd təsərrüfatının ənənəvi və böyük gəlir gətirən sahəsi olduğunu bildirən dövlətimizin başçısı qeyd edib ki, kənd təsərrüfatı məhsulları arasında ölkəyə ən çox gəlir gətirən pomidor ixracıdır. Fermerlər bu işlə böyük həvəslə məşğuldurlar və digər tərəvəzlərin yetişdirilməsi çox sürətlə gedir: “Biz ildən-ilə istehsalı artırırıq. Bu institutun fəaliyyəti məhsuldarlığı böyük dərəcədə artıracaq, eyni zamanda, xaricə gedən valyutanın qarşısını müəyyən qədər alacaq. Çünki bu gün bütün toxumlar xaricdən gətirilir və onların alınmasına böyük məbləğdə vəsait gedir.

Bundan sonra toxumların əhəmiyyətli hissəsi ölkəmizdə yetişdiriləcək, beləliklə, valyuta gətirəcək, məşğulluq, məhsuldarlıq artacaq və biz özümüzü bundan sonra tam təmin etməklə xarici bazarlara daha böyük ixrac imkanlarımızla çıxacağıq. Məqsədimiz bundan ibarətdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Bu sahədə, sənaye sahəsində də müsbət meyillər var. Bildiyiniz kimi, bu yaxınlarda Sumqayıtda karbamid zavodu açılmışdır. Bu, qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir. Biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik. Eyni zamanda, təqribən 150-160 milyon dollar dəyərində məhsul ixrac edəcəyik. Azərbaycanda pivot suvarma sistemləri, pestisidlər zavodları fəaliyyət göstərir. Yəni, sənaye istehsalı da kənd təsərrüfatını dəstəkləyir, ona lazımi şərait yaradır. Əlbəttə, sizin kimi gənclərin bu işlərdə fəal iştirakı hesab edirəm ki, uğurun əsas şərti, əsas amili olacaq”.

Azvision.az

Teqlər: İlham-Əliyev