Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək

   Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək
  23 Yanvar 2019    Oxunub:3373
Ali təhsil biliklərə əsaslanan Azərbaycan iqtisadiyyatının mühüm inkişaf amilidir, magistratura isə ali təhsilin ikinci səviyyəsi olaraq yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığını təmin etməyi nəzərdə tutur.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Magistr” jurnalının bu il üçün ilk nömrəsinə yazdığı “Ön söz”də bildirib.

DİM sədri deyib ki, hazırda Dövlət İmtahan Mərkəzinin əməkdaşları magistratura səviyyəsinə qəbul imtahanına hazırlıqla əlaqədar ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq şöbələri, ixtisas kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birgə imtahanın məzmununa aid zəruri elmi-metodiki vəsaitlər – bakalavrların məntiqi təfəkkürünün, xarici dil və informatika üzrə biliklərinin yoxlanılması və ixtisaslaşmalar üzrə qəbul proqramları, yoxlama-ölçmə materialları, ixtisaslaşma seçiminə dair tövsiyələr, cədvəllər və digər zəruri materiallar hazırlayır, test bankını yeni test tapşırıqları ilə zənginləşdirirlər: "DİM-də ali təhsil müəssisələrinin və AMEA nın mütəxəssislərinin iştirakı ilə cari tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodik təhlili aparılmış, növbəti tədris ili üçün qəbul imtahanına hazırlıq işləri həyata keçirilmiş, qəbul imtahanı üçün proqramları və test tapşırıqlarını təkmilləşdirmək üçün zəruri işlər görülmüş, bakalavrların magistraturaya qəbul imtahanına daha səmərəli hazırlaşmalarına metodiki yardım göstərmək məqsədi ilə məntiq, informatika və xarici dillər üzrə qəbul imtahanı proqramları və digər elmi metodik materiallar işlənib hazırlanmışdır. Bakalavrlar imtahanın birinci mərhələsinə hazırlaşan zaman DİM tərəfindən hazırlanmış “Məntiq testləri” və “İnformatika” adlı vəsaitlərdən istifadə edə bilərlər".

M.Abbaszadə bildirib ki, DİM qəbul imtahanlarının məzmunu ilə bərabər, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayır: "Bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılır, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür".

Qeyd edək ki, magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. İmtahanın birinci mərhələsində məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarında həm qapalı (çoxseçimli), həm də açıq formalı test tapşırıqlarından istifadə olunacaq. Hər bir xarici dil üzrə test blokuna ilk dəfə olaraq dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı formalı beş test tapşırığı da daxil ediləcək. Qəbul imtahanına hazırlaşan bakalavrlara kömək məqsədi ilə həmin audiomətnlərin və onların əsasında tərtib olunmuş tapşırıqların nümunələri artıq xeyli vaxtdır ki, DİM-in internet saytında (https://azvision.az/redirect.php?url=http://dim.gov.az/news/2691/) yerləşdirilmişdir.

Qəbul qaydalarına görə, imtahanın birinci mərhələsindəki nəticələri DİM tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ikinci mərhələdə iştirak etmək hüququ qazanacaqlar. Həmin mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqlarının cavablandırılması, bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi və ya qabiliyyət imtahanı vasitəsi ilə yoxlanılacaqdır. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi) əsasında həyata keçiriləcəkdir.

“Magistr” jurnalının bu sayında magistraturaya qəbul qaydaları ilə bərabər, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilir. Magistraturaya qəbul elanı, məntiq, informatika və xarici dillər üzrə test modelləri, ixtisaslaşma seçiminə dair cədvəllər, ixtisaslaşmalar üzrə qəbul imtahanı proqramları və digər materiallar isə jurnalın növbəti saylarında dərc olunacaqdır.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti