Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur olub

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur olub
  12 Yanvar 2019    Oxunub:4167
Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təşkil edilən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib.
xəbər verir ki, mediaturda millət vəkilləri, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak ediblər. Mediatur iştirakçılarına məlumat verilib ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü və Kimya, biologiya təmayüllü Respublika liseyləri, eləcə də Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Artıq 4-cü ildir fəaliyyət göstərən həmin mərkəzlərə Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən 300-dən çox şagird cəlb edilib.

Hazırlıq mərkəzlərinin yaradılmasında məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, Azərbaycan məktəblilərinin iştirak etdikləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlərin artırılmasıdır. Mərkəzlərə yerli və xarici ali məktəblərin, Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış alimləri və qabaqcıl müəllimlər cəlb olunub. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin nəzdində olan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə sıx əməkdaşlıq qurulmaqla həyata keçirilir.

Mediatur zamanı bildirilib ki, vaxtı ilə beynəlxalq olimpiada qalibi olmuş məzun olimpiadaçılardan ali təhsillərini Bakıda davam etdirənlər il boyu, ölkədən kənarda oxuyanlar isə qış və yay tətillərində yeni nəsil olimpiadaçıların yetişdirilməsində yaxından iştirak edirlər. Bu ildən etibarən Amerika Birləşmiş Ştatlarının Stenford Universitetinin məzunu Cəfər Cəfərov şagirdlərimizə həftədə 2 dəfə onlayn dərs keçir.

Qeyd olunub ki, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlərlə fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri olmaqla ümumilikdə 5 fənn üzrə hazırlıq aparılır. Aşağı və yuxarı yaş qruplarında hazırlıq dərsləri əsasən şənbə-bazar günləri və ya həftə ərzində dərsdən sonra təşkil edilir.

Azərbaycan məktəbliləri hər il 15-ə yaxın müxtəlif beynəlxalq olimpiada və müsabiqədə iştirak edirlər. 2017-2018-ci tədris ilində şagirdlərimiz beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 8 gümüş və 20 bürünc medal olmaqla ümumilikdə 29 medal və 7 həvəsləndirici sertifikat qazanıblar. Təhsil nazirinin müvafiq əmrinə əsasən, ölkə üzrə istedadlı şagirdlərlə işin genişləndirilməsi məqsədi ilə pilot layihə kimi 15 rayonun 48 məktəbində 60 xüsusi sinif yaradılıb. Bu siniflərin yaradılmasında əsas məqsəd istedadlı şagirdlərlə məqsədyönlü işlər görməkdən ibarətdir.

Daha sonra beynəlxalq olimpiadaların və “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin qalibləri ilə "Dəyirmi masa" ətrafında müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti