“Avtomobillərin qiyməti 2 min manat bahalaşacaq”
Bu barədə Azvision.az -a Əmlak Ekspert Mərkəzinin direktoru, əmlak eksperti Ramil Osmanlı bildirib. O, deyib ki, yanvar ayının sonlarından prosses özünü göstərməyə başlayacaq.
R.Osmanlı qeyd edib ki, ötən il də avtomobil bazarında qiymət artımı müşahidə edilib: “Tələb o qədər yüksək olmaya bilər. Lakin idxalın məhdudlaşması ilə təklif də azalıb. Avtomobillərin qiymətlərində artım daha çox ötən il müşahidə olunub. İstismarda olan köhnə nəqliyyat vasitələrinin qiymətlərində 10-15 faiz artım müşahidə edilib. Avtomobil bazarında baş verən dəyişikliklər və təklifin məhdudlaşması qiymət artımına səbəb olmuşdu. Yəqin ki, bu il də eyni tendensiya müşahidə olunacaq”.
Qeyd edək ki, yanvarın 1-dən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılıb. Ən aşağı aksiz dərəcəsi, mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb.
Aytən Zəhra
Azvision.az