Elman Rüstəmov Cocuq Mərcanlıda
Sədr Elman Rüstəmov Cocuq Mərcanlı kəndinin icma parkı, yay kinoteatrı və asudə vaxt kafeteriyası, eləcə də Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olaraq inşa edilən kənd məscidini də ziyarət edib.
Cocuq Mərcanlı kənd icma mərkəzində kənd sakinləri ilə görüşdə çıxış edən E.Rüstəmov bildirib ki, 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Milli Ordumuzun əks hücumu nəticəsində Cəbrayıl və Füzuli rayonu istiqamətində geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyi düşməndən azad edilib və Cocuq Mərcanlı kəndinin ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçib. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.
İşğal nəticəsində tamamilə məhv edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlətimizin başçısının imzaladığı sərəncamlar barədə danışan E.Rüstəmov kəndə dəymiş ziyanın aradan qaldırılması və işğaldan azad edilmiş ərazilərdə əhalinin firavan həyat şəraitini təmin edilməsinin daim Prezident İlham Əliyevin diqqətində olduğunu vurğulayaraq kənddə görülmüş quruculuq işlərini qeyd edib.
Daha sonra kənd sakinlərinin istək və problemlərinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, Mərkəzi Bankın dəstəyi ilə 2018-ci ilin mart və dekabr aylarında Cocuq Mərcanlı kəndinin sakinlərinə və Xeyriyyə fonduna bayram sovqatları, nəqliyyat, texniki, məişət və kompüter avadanlıqları verilib. Mərkəzi Bank bundan sonra da Cocuq Mərcanlı kəndinə dəstəyini davam etdirəcək.
Azvision.az
Teqlər: Mərkəzi-Bank Cocuq-Mərcanlı