Sinifdə qalanlar üçün imtahan keçiriləcək

Sinifdə qalanlar üçün imtahan keçiriləcək
  10 Dekabr 2018    Oxunub:15529
Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azvision.az-a verilən məlumata görə, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə buraxılış imtahanı verərək həmin səviyyə üzrə müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

BŞTİ-nin əmrinə əsasən, eksternat imtahanları 7-8 yanvar 2019-cu il tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Qeydiyyat və sənəd qəbulu 10-21 dekabr 2018-ci il tarixlərində (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) BŞTİ-də aparılacaq.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 27-28 dekabr 2018-ci il tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Azvision.az


Teqlər: İmtahan   BŞTİ  





Xəbər lenti