İndiyədək 223 təhsil krediti müqaviləsi imzalanıb

İndiyədək 223 təhsil krediti müqaviləsi imzalanıb
  24 Noyabr 2018    Oxunub:17132
"Maarifçi" Kredit Fondu 17 sentyabr - 19 Oktyabr 2018-ci il tarixlərində VI elan sessiyasını keçirib. Elan sessiyası ərzində universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə 22 təhsil haqqı krediti müqaviləsi imzalayıb.
Fonddan Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə, keçirilmiş elan sessiyaları ərzində 223 təhsil krediti müqaviləsi imzalanıb.

"Fondun əməkdaşlıq etdiyi müxtəlif universitetlərin tələbərindən elektron müraciətlər daxil olur. Davamlı olaraq, Fondun təhsil kreditindən yararlanan kifayət qədər tələbə var. Tələbələrin göstəricilərində aşkar şəkildə yüksəlmə müşahidə edirik. Bu da Fondun tələbələrin qarşısına qoyduğu akademik göstəriciləri ilə bağlı tələbin onların təhsilində stimul yaratdığını göstərir.

Hazırda Fond Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti və Fransız-Azərbaycan Universiteti ilə əməkdaşlıq edir. Müxtəlif ali təhsil müəssisələrinə də əməkdaşlıq məqsədilə müraciətlər olunur", - deyə məlumatda qeyd olunub.

Əlavə edilib ki, hazırda fond tələbələrə təhsil haqqı üzrə uzunmüddətli faizsiz təhsil kreditləri təqdim edir. Növbəti illərdə tələbələr üçün digər kredit növlərinin də təqdim olunması planlaşdırılır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələb   Kredit  





Xəbər lenti