DİM: 650 nəfər imtahandan uğurla keçib

 DİM:  650 nəfər imtahandan uğurla keçib
  08 Noyabr 2018    Oxunub:10369
Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci il oktyabrın 28-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb.
DİM-dən Azvision.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 1332-si keçmiş TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 650-si imtahandan uğurla keçib (48.8 faiz).

DİM-in rəsmi saytında verilən cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib. 301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 46.2 faizi, 58.3 faizi, 61.8 faizi, 62.9 faizi test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 124 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmayıb. Onlardan yalnız 17 nəfər (13.7 faiz) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən altısı xaricdə yerləşən təhsil müəssisələrini, 11-i isə ölkənin ali təhsil müəssisələrini bitirib.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti