“Abituriyent” jurnalının xüsusi buraxılışları çapdan çıxıb

“Abituriyent” jurnalının xüsusi buraxılışları çapdan çıxıb
  05 Noyabr 2018    Oxunub:11070
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının “Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ı və “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ını Azərbaycan və rus dillərində nəşr etdirib.
DİM-dən Azvision.az-a bildiriblər ki, “Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”da (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, hər iki mərhələ üzrə tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumlar) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) modeli dərc olunub.

Digər jurnalda isə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları, tam orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumlar) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ali təhsil müəssisələrinə qəbul imtahanının 2019-cu ildə tətbiqi nəzərdə tutulan modelləri çap olunub.

Jurnallarda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib. DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (https://azvision.az/redirect.php?url=http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.

Jurnalları DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M; Nəsimi rayonu, A.Salamzadə küçəsi 28.

Azvision.az


Teqlər: DİM   Jurnal  





Xəbər lenti