"Gübrəni güzəştli alıb, bazar qiymətinə satırlar" - Seymur Mövlayev

 "Gübrəni güzəştli alıb, bazar qiymətinə satırlar" -  Seymur Mövlayev
  31 Oktyabr 2018    Oxunub:8031
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ölkəyə mineral gübrələrin gətirilməsi prosesini tədricən özəl sektora həvalə etmək və bu bazardan çəkilmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu fikirləri Azərbaycana gübrə idxal edən şirkətlərin nümayəndələri ilə görüşdə “Aqrolizinq” ASC-nin sədri Seymur Mövlayev deyib. Son günlər gübrə bazarında yaranan problemlər barədə danışan “Aqrolizinq” ASC-nin sədri bildirib ki, hazırda ölkəyə gübrə idxalının əksər hissəsini özəl şirkətlər həyata keçirir və “Aqrolizinq” güzəştli qiymətlərlə fermerlərə satdığı gübrəni əksər hallarda özəl şirkətlərdən alır.

“Özəl şirkətlərin ölkəyə gübrə gətirməsində aktivlik göstərməməsi nəticə etibarilə müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Biz “Aqrolizinq” olaraq tədricən gübrə bazarını özəl şirkətlərin ixtiyarına verməyə hazırlaşırıq. Şirkətlərə göstərdiyimiz bu münasibət onların bazarda mövqelərini gücləndirmək üçün stimul rolunu oynamalıdır. “Aqrolizinq” bu bazarda tək deyil, bizimlə eyni zamanda gübrə bazarında özəl şirkətlər də var. Biz gübrə idxalı məsələsini tam şəkildə özəl şirkətlərə həvalə etməklə onların ölkəyə gübrə gətirilməsində marağını daha da artırmış olarıq”.

Seymur Mövlayev “Aqrolizinq” xətti ilə gətirilən gübrənin qara bazarda baha satılması xəbərlərinə də münasibət bildirib: “Bununla bağlı vətəndaşlardan “Çağrı Mərkəzi”mizə daxil olan müraciətlərin hamısı dərhal daxili nəzarət şöbəmizin əməkdaşları tərəfindən araşdırılır. Əksər hallarda məlum olur ki, vətəndaş bizdən 70 faiz güzəştlə aldığı gübrəni torpağa vermək əvəzinə anbarda saxlayır və bazarda tələbat artan zaman baha qiymətə satır. Nəticə etibarilə cəmiyyətdə “Aqrolizinq” gübrəni fermerlərə güzəştli qiymətlərlə satmaq əvəzinə bazarda satdırır” kimi yanlış fikirlər formalaşır. Təəssüf ki, vətəndaşların gübrəni güzəştli qiymətlərlə alaraq, bazar qiymətinə satmasının qarşısını almaq üçün hər hansı bir mexanizm yoxdur.”

“Aqrolizinq” rəhbəri özəl şirkətlərin təkcə bu il ölkəyə 145,7 min ton gübrə idxalı həyata keçiridiyini açıqlayıb: “Göründüyü kimi, gübrəyə olan tələbatın ödənilməsi üçün ölkəyə dövlət və özəl sektor xətti ilə kifayət qədər mineral gübrə gətirilib. Bu baxımdan gübrə çatışmazlığı ilə bağlı söhbətlərin ciddi əsası yoxdur. Araşdırmalarımız göstərir ki, bəzi hallarda fermerlər dövlətin gübrəni onlara pulsuz verməli olduğunu düşünürlər. Elə hallar da var ki, fermer güzəştli gübrə almaq üçün lazım olan sənədləri təqdim etmir. Gübrənin güzəştli qiymətlərlə satılması üçün tələb olunan sənədlər var, bu sənədləri təqdim edən şəxslər heç bir problem olmadan dövlətin güzəşt siyasətindən yararlana bilərlər”.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri Rafail Quliyev çıxış edərək bildirib ki, fermerlərin güzəştli şərtlərlə gübrə ala bilməməsinin əsas səbəblərindən biri torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərinin olmamasıdır. O, fermerləri ilk növbədə tələb olunan sənədləri qaydaya salmağa, yalnız bundan sonra güzəştli gübrə almaq üçün “Aqrolizinq” ASC-yə müraciət etməyə çağırıb.

Görüşdə çıxış edən şirkət təmsilçiləri ölkəyə gübrə gətirilməsi ilə bağlı problemlər barədə danışıb, “Aqrolizinq”in gübrə idxalı funksiyasını tədrinə özəl sektora verməsinin üstün və mənfi cəhətləri barədə fikir mübadiləsi aparıb, təkliflərini səsləndiriblər.

Azvision.az


Teqlər: Aqrolizinq  





Xəbər lenti