“Yeni qanunda güzəştlər nəzərdə tutulub” - Təhsil naziri

 “Yeni qanunda güzəştlər nəzərdə tutulub” -  Təhsil naziri
  31 Oktyabr 2018    Oxunub:10160
"Aidiyyatı dövlət qurumlarının, sahibkarların, işəgötürən təşkilatların nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin daxil olduğu işçi qrup tərəfindən "Vətəndaşların peşə-ixtisas təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası" hazırlanıb".
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfrans çıxış edərkən deyib.

Onun sözlərinə görə, peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, gənclər arasında məşğulluğun təmin edilməsində, işsizliyin arada qaldırılmasına töhfə verir.

C.Bayramov bildirib ki, yeni qəbul edilən "Peşə təhsili haqqında" qanunda beynəlxalq təcrübəyə uyğun olaraq, peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib.

"Qanunda peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi, ümumi təhsil müəssisələrində ilk peşə təhsili üzrə təmayüllü siniflərin yaradılması, yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə -ixtisas dərəcəsinin verilməsi, tələbələrə iş yerində təcrübə müqaviləsi bağlamaq və minimum əmək haqqından az olmamaq şərtilə əməkhaqqının ödənilməsi, xüsusi müdafiəyə ehtiyacı olan şəxslər üçün güzəştlərin müəyyən edilməsi kimi yeni müddəalar nəzərdə tutulub. Hazırda Avropa Ittifaqı ilə tərəfindən "Azərbaycanda peşə təhsili və təliminin inkişafına dəstək" layihəsi uğurla icra edilir".

C.Bayramov əlavə edib ki, insan kapitalının əhəmiyyətinin artdığı və rəqabətin yüksək olduğu müasir dövrdə fərdlər, cəmiyyət və iqtisadiyyatın inkişafı üçün informal və qeyri-formal üsullarla əldə edilmiş bacarıqların və səriştələrin tanınması böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, ölkəmizdə bacarıqların bu yolla tanınması və bundan sonra əmək bazarına daxil olmaq istəyən şəxslərin peşə ixtisasını təsdiq edən sənədin icbariliyi peşə təhsilinə marağın əhəmiyyətli dərəcədə artmasına və məşğulluğa bilavasitə təsir edəcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ceyhun-Bayramov   Nazir   Təhsil-Nazirliyi  





Xəbər lenti