Bakıda qeyri-adi dərs: Həm oxuyurlar, həm də... - FOTOLAR

 Bakıda qeyri-adi dərs:  Həm oxuyurlar, həm də...  -  FOTOLAR
  26 Oktyabr 2018    Oxunub:15195
Beş yaşlı uşaqlar, nağıllar aləminə bənzəyən rəngli otaq və oradan gələn mahnı səsi

Mehribanım mehriban,
Dur oyna, çal oyna
Yaxşı oğlan, qəşəng qız
Çal-oyna,
Gözəl oğlan, gözəl qız
Çal-oyna...
Bura Bakı şəhəri 26 nömrəli tam orta məktəbin “Sağlam təhsil” məktəbəhazırlıq qruplarından birinin sinif otağıdır. Mahnı da əbəs yerə oxunmur, emosional reaksiyalarını göstərən balacalar musiqinin ritminə uyğun olaraq otaqdakı işıqları tutmağa çalışırlar.

Ənənəvi qruplardan fərqlənən dərs prosesi ilə “Sağlam təhsil” məktəbəhazırlıq qruplarına təşkil edilən mediatur zamanı tanış olduq.



Məktəbin direktor əvəzi Yaqut Məmmədova “Sağlam təhsil” və onun üstünlükləri haqqında jurnalistlərə ətraflı məlumat verib:

“Məktəbimiz 5 ildir ki,“Sağlam təhsil – sağlam millət” layihəsinə qoşulub. Cari tədris ilində isə 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu yaradılıb. Bizim məktəb ilk iştirakçılardan biridir. Burada ibtidai təhsil pilləsində 11 sinif bu layihə əsasında fəaliyyət göstərir. Həmin siniflər üzrə 228 nəfər təhsil alır. 9 məktəbəhazırlıq qrupumuz var ki, onun da 7-si Azərbaycan, 2-si rus dili üzrə təşkil edilib. Azərbayacan bölməsində olan məktəbəhazırlıq qruplarından 3 sinif “Sağlam təhsil” layihəsinə qoşulub.

Burada fiziki inkişaf, sağlamlıq birmənalı olaraq gözlənilir. Təsviri sənət və estetik bacarıq, məntiq, riyazi təfəkkür inkişaf etdirilir. Valideyinlər övladlarının layihə çərçivəsində təhsil almalarından məmnundurlar. Tədris prosesi gedərkən biz monitorinqlər edirik” .



Sevinc Həşimova 27 ildir sözügedən məktəbdə müəllim işləyir. Artıq 4-cü ildir ki, “Sağlam təhsil” sinfində dərs deyir. Bu ildən isə məktəbə hazırlıq qrupunda da çalışır.

“Hər sinifdə 24 şagird var. “Sağlam təhsil”in əhəmiyyəti ondan ibarətdir ki, burada uşaqların tək idraki deyil, fiziki sağlamlıqlarının da qayğısına qalırıq. Məsələn, gördüyünüz kimi otaqda uşaqların yarısı oturub, yarısı isə ayaq üstə durub. Və dərs onların növbəli oturması ilə davam edir. Məqsəd isə onların hərəkətdə olmasını təmin edə-edə öyrətməkdir. Yaxud otaqlarımızda işıqlar qurulub, onlar bir-bir yanıb sönən bu işıqları tuturmuş kimi həm hərəkət edirlər, həm də diqqətli olmanı, cəld reaksiya verməni öyrənirlər. Bəzən isə bunları hansısa mahnının və ya ritmin sədası altında edirik. Həm öyrənirlər, həm də dərs şən keçir”.



S. Həşimova bildirib ki, qruplarda dərs demək üçün bir sıra təlimlərə qatılıblar. Yalnız sertifikat aldıqdan sonra burada iştirak etməyə icazə verilib.

“Şagirdlər yeni metoda çox tez öyrəşirlər. Hər şey dərs sisteminin qurulmasından asılıdır. Dərs proseslərimiz aktiv keçir. Hərəkət onların düşünməsinə, diqqətinə, məntiqinə təsir edir. Hər şeyə cəld reaksiya verirlər. Sümük xəstəlikərindən uzaq olurlar. Valideyinlərin bu cür təhsilə böyük maraqları var”.



Şəhla Balayevə Tibb Universitetinin Uşaq, yeniyetmələrin sağlamlığı, əmək sağlamlığı kafedrasının müdiri, həm də 2013-dən bu layihədə tibbi, gigiyenik blokun rəhbərlərindən biri və ekspertdir. Onun dediyinə görə, “Sağlam təhsil”də olan qruplar daima monitorinq edilir.

"Sağlam təhsil mühiti uşaqların məktəbə daha asan adaptasiya olmasına, onlarda psixoloji gərginliyin yaranmamasına kömək edir. Bu məqsədlə bu ildən "Sağlam təhsil" layihəsi üzrə məktəbhazırlıq sinifləri yaradıldı. Hazırda bu siniflər nəzarətdə saxlanılır".



Keçdikləri hərflərə uyğun olaraq əllərindəki meyvələri göstərən uşaqlar da fərqli dərs prosesindən mənmundurlar. Otaqları kimi dünyaları da rəngli idi. Və hər hərəkətləri, sözləri ilə dünyanı daha da sağlam, daha da gözəl edəcklərinə sanki vəd edirdilər.

Qeyd edək ki, “Sağlam təhsil - sağlam millət” layihəsinin tətbiqinə 2014-2015-ci dərs ilindən başlanılıb. Layihə çərçivəsində ümumilikdə 39 məktəbdə 182 “Sağlam təhsil” sinfi təşkil edilib. “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir. “Sağlam təhsil” siniflərində aparılan tibbi monitorinq bu siniflərdə tətbiq edilən texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib. İndiyədək layihə 3500-ə qədər məktəblini əhatə edib.



















Şahanə Rəhimli
Azvision.az


Teqlər: Məktəb   Dərs  





Xəbər lenti