Qəzalı vəziyyətə düşən körpünün inşası yekunlaşır
4 aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11.5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkilərinin də tikintisi həyata keçirilir.
Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun olaraq həyata keçirilir. Hesabi yüklər A-15, NK-100-dür. Kənar dayaqlar massiv dəmir-beton konstruksiyalarda layihələndirilib. Dayaqların diametri 1200 qazma dəmir-beton svaylar üzərində quraşdırılıb. Layihə çərçivəsində Tərtər çayında istinad divarları və sutənzimləyici qurğular inşa edilir. Bundan başqa körpüyə 150 metr uzunluğunda yanaşma yollarının da yenidənqurulması nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və Texnoloji ardıcıllığa uyğun olaraq aparılan tikinti işlərinin nəzərdə tutulan vaxtda başa çatdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Qeyd edək ki, 2018-ci ilin iyul ayında tikintisinə başlanılan körpüdə inşaat işlərinin yaxın aylar ərzində başa çatdırılması planlaşdırılır.
Azvision.az