Xəzər Dəniz Gəmiçiliyi rebrendinq edib - Video

 Xəzər Dəniz Gəmiçiliyi rebrendinq edib - Video
  23 Oktyabr 2018    Oxunub:6278
Beynəlxalq sularda da fəaliyyət göstərərək üçrəngli bayrağımızı öz gəmilərində şərəflə dalğalandıran, müxtəlif yerli və xarici partnyorlarla əməkdaşlıq edən, şanlı tarixinin 160 illinə yekun vuran Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yeni dövrə yeni brendlə qədəm qoyub.
Qurumdan Azvision.az-a verilən məlumata görə, bundan sonra şirkət “ASCO” (Azerbaijan Shipping Company) adı ilə fəaliyyət göstərəcək. Rebrendinq layihəsi yalnız adın dəyişdirilməsi ilə bitmir. Belə ki, layihə çərçivəsində şirkətin loqosu və rəsmi internet saytı da yenilənib.

Qeyd edilib ki, ciddilik, dəqiqlik, gücü təcəssüm etdirən loqotip qurumun abreviaturası formasında dizayn edilib. Abreviaturadakı “O” hərfi lövbər və xilasetmə dairəsinin simvolik qarşılaşdırılmasından əmələ gəlib. Bildirilib ki, obrazlı qarşılaşdırılmadan yaranan hərf emblemdə dövlət rəmzi sayılan bayrağımızın rənglərindən istifadə olunması millilik baxımından da diqqəti loqotip üzərində cəmləyir. Digər tərəfdən emblem vahid mərkəzdən idarəetməni, tamlığı, qurumun iş prinsiplərində hərtərəflilik, çeviklik, pozitivlik, dəniz nəqliyyatı sahəsində sabit dəyərlər üzərində dayanıqlılıq prinsiplərini təcəssüm etdirir.

Simvolik olaraq lövbər və xilasetmə dairəsinin qarşılaşdırıldığı emblem özlüyündə etibarlılığın, tarazlılığın, stabilliyin, məqsədyönlülüyün ifadəsidir. Şirkətin rəsmi internet səhifəsi də yeni dizayn və yeni “www.asco.az” adı ilə fəaliyyətə başlayıb. Yeni sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Saytda ASCO-nun struktur bölmələri, donanmaların tərkibi, xidmətlərlə bağlı dolğun məlumatlarla yanaşı, fəaliyət üzrə maliyyə və davamlı inkişaf hesabatları da ictimaiyyətə təqdim olunur.

Yeni saytda şirkətlə bağlı mütəmadi xəbərlər paylaşılacaq. Əsas səhifədə şirkətin 160 illik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən xüsusi foto-qalereya (timeline) da yer alıb. Bu qalereyanın köməkliyi ilə Gəmiçiliyin üç əsrlik tarixinə virtual səyahət etmək mümkündür.

Yeni sayt populyar sosial şəbəkələrə inteqrasiya edilib. Belə ki, bütün səhifələri “Facebook”, “Twitter”, “Google +” sosial şəbəkələrində paylaşmaq imkanı yaradılıb. Bununla belə, sosial şəbəkələrin populyarlığı nəzərə alınaraq, sayt şirkətin bütün sosial şəbəkə hesabları ilə (facebook, twitter, instagram, youtube) tam inteqrasiya edilib.



Azvision.az


Teqlər: Xəzər-DənizGəmiçilik  





Xəbər lenti