Ermənistan mallarının ölkəyə gətirilməsi mümkün deyil - Gömrük Komitəsi
"Yəni, Ermənistan mənşəli malların gömrük nəzarətindən keçirilməklə kommersiya məqsədilə ölkəyə gətirilməsi mümkün deyil. Lakin fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə güzəştli qaydada ölkə ərazisinə gətirilən məhsullar arasında bəzi hallarda Ermənistan mənşəli spirtli içkilər, kofe və digər bu kimi ərzaq məhsulları, tütün məmulatları qeydə alınıb və onları gətirən şəxslər barəsində qanunvericiliklə müəyyən olunmuş məsuliyyət tədbirlərinin görülməsi təmin edilib.
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən hər bir vətəndaş ay ərzində ümumilikdə 30 kq miqdarında müxtəlif ərzaq məhsullarını güzəştli qaydada ölkə ərazisinə gətirə bilər və bu halda həmin şəxslərin gətirdiyi ərzaq bağlamalarının arasında Ermənistan istehsalı məhsulların olması ehtimalına qarşı risk analizləri əsasında gömrük nəzarəti tətbiq olunur.
Bağlamalardakı məhsulların tək-tək yoxlanılması, oradakı malların etiketlərinə baxış keçirilməsi isə gömrük nəzarətinə sərf olunan vaxtın xeyli uzanmasına, bu da öz növbəsində gömrük-sərhəd buraxılış məntəqələrində insanların ləngiməsinə və sıxlıqlara səbəb ola bilər. Əlbəttə, hər bir vətəndaş xarici ölkələrdən öz şəxsi tələbatı üçün qanunvericiliyə müvafiq olaraq istənilən məhsulu gətirə bilər. Lakin yazılmamış qanunlar da var. Müharibə şəraitində olduğumuz, ərazi bütövlüyümüzə qəsd edən bir ölkənin məhsulunu gətirən vətəndaş cəmiyyət qarşısında mənəvi öhdəçiliyini, vicdanını və məsuliyyət hissini unutmamalıdır".
AzVision.az
Teqlər: DGK