5 yaşlı məktəblilər - REPORTAJ (FOTOLAR)

5 yaşlı məktəblilər - REPORTAJ (FOTOLAR)
  10 Oktyabr 2018    Oxunub:27582
Artıq 10 gündür ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. 5 yaşlı uşaqlar məktəbə ilk addımlarını atırlar. Rəsmi məlumata əsasən gələn il I sinifə gedəcək şagirdlərin 75 faizi məktəbəhazırlıq qruplarına cəlb olunub.
AzVision.az-ın əməkdaşı Bakı şəhəri, 18 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarının dərslərini izləyib.

Məlumat üçün bildirək ki, məktəbdə 6 Azərbaycan, 2 rus bölməsi üzrə məktəbəqədər hazırlıq qrupları fəaliyyət göstərir. Bu qruplara 112 nəfər qəbul olunub və uşaq qəbulu hələ də davam edir. Bütün uşaqlar 2013-cü ildə anadan olan 5 yaşlılardır.



Dərslər saat 15:00-da başlayır. Uşaqlar sinif otağının qarşısına yığışaraq dərslərin başlamasını gözləyirlər. Nazilə Hümbətova uşaqlara məntiqi təfəkkürün inkişaf etdirilməsi barədə dərs deyir. Uşaqlar dərs vaxtı müəllimə diqqətlə qulaq asaraq onun suallarını cavablandırırlar.

N.Hümbətova ilk vaxtlarla müqayisədə uşaqların sərbəst sinfə daxil olub, öz partalarının arxasına keçdiklərini, məktəbə yavaş-yavaş öyrəşdiklərini bildirib.



“Bir həftə ərzində uşaqlarda böyük fərq var. Onlar təzə gələndə, sıra nə olduğunu bilmirdilər, yerlərini tapa bilmirdilər. İndi isə özləri dərs ləvazimatlarını sərbəst çıxarır, cümlələri düzgün qururlar. Valideynləri üçün darıxanlar da olur. Bəzi uşaqlar isə valideynlərindən ayrıla bilmədikləri üçün dərsə gəlmirlər. Bağçaya getməyən, bağça görməyən uşaqlar üçün adaptasiya dövrü çətin olur, onlar yavaş-yavaş düzələcəklər".



Sinifdə həmsöhbət olduğumuz 5 yaşlı Ayla bir qədər utancaqdır. Suallarımıza yalnız başı ilə cavab verir. Məktəbi sevdiyini deyən qız burada dördbucaqlını öyrəndiyini və A hərfini keçdiyini deyir.

Mələk isə daha sərbəstdir. O, müəllimənin dərsini bəyəndiyini, hətta şeir, mahnı oxumağı bacardığını bildirir.



Azərbaycan bölməsi üzrə müəllimə Sevda Ağayeva ilk dəfədir ki, məktəbəhazırlıq qrupuna dərs keçir. O, şagirdlərindən razıdır. Müəllimə uşaqların dərslərə qarşı diqqətcil olduqlarını vurğulayıb.



Rus bölməsi üzrə qrupun müəlliməsi Nərminə Qaragözova isə 40 ildir ki, ibtidai siniflərdə dərs deyir. Uşaqlarla işləməyi sevən müəllimə onların dərslərinə həvəslə yanaşdığını qeyd edib. Müəllimə bu gün rus bölməsinə marağın artmasın yaratdığı çətinlikləri dilə gətirib:



“Rus bölməsində qəbulda uşaqlarla müsahibə olmadığı üçün Azərbaycan dilində danışan uşaqlar da bura gətirilr. Nəticədə dərsdə çətinlik yaşayırıq və həmin uşaqlara dərsləri tərcümə etmək məcburiyyətində qalırıq. Vaxtımız tərcüməyə gedir. Uşaqlar heç olmasa, 35 faiz rus dilində bilməlidir ki, qalanını müəllimlər inkişaf etdirsinlər. İndi hazırda hər kəs uşağını rus bölməsinə qoymaq istəyir. Valideynlər deyir ki, “heç nə olmaz, sinifdə öyrənər”. Lakin bu, bizim vaxtımızdan gedir”.



Dərslərini oyunlar üzərində quran N.Qaragözovanın sözlərinə görə, 11 dəqiqə məşğuliyyətdən sonra uşaqlar idman hərəkətləri edir və ya mahnı oxuyurlar.

“Uşaqları tamamilə dərsə yönəltmək olmaz. Uşaqlar özləri də yorulan kimi deyirlər. Bizim məqsədimiz məktəbi, dərsi sevdirmək, onları inkişaf etdirməkdir”.



Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayıb. Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə etdiyi halda, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75 faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə cəlb olunması üçün imkan yaradılıb.



2019-2020-ci tədris ilində isə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur. Bu, məktəbəhazırlığa cəlb olunma səviyyəsinin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və tədris göstəricilərinin yaxşılaşdırılması məqsədlərinə xidmət edir.























Aytən Zəhra
FOTO: Şahin Sərdarov

AzVision.az


Teqlər: Məktəb   Dərs  





Xəbər lenti