"Strateji ticarətin nəzarət sistemləri" mövzusunda təlim keçirilir
Səməd Qaralov ÜGT-nin təşkil etdiyi seminarın əhəmiyyətinə toxunaraq bildirib ki, hər bir iştirakçı bu təlimdə qazandığı biliklərin digər gömrük əməkdaşlarına çatdırılmasına ciddi səy göstərməlidir. Düzgün qərar verməyin yüzlərlə insanın sağlamlıq və ölkənin təhlükəsizlik məsələsi olduğunu söyləyən Baş İdarənin rəisi, Dövlət Gömrük Komitəsinin bundan sonra da qanunsuz təchizat zəncirinin pozulmasına qarşı mübarizə aparacağını vurğulayıb.
ÜGT-nin eksperti Adam Vas qeyd edib ki, təlimdə əsas məqsəd strateji ticarətin nəzarət sistemlərilə bağlı beynəlxalq təcrübəni bölüşməkdir. Son 10-15 ildə dünyada strateji malların gömrükdən xüsusi nəzarət altında keçirilməsinə diqqətin artdığını vurğulayan ekspert Azərbaycanda da bu sahədə peşəkar mütəxəssislərin sayının artmasında maraqlı olduqlarını deyib.
ÜGT-nin daha bir eksperti Kənan Çelik isə bildirib ki, strateji malların ticarətinə nəzarətlə bağlı təlimlər Türkiyədə də keçirilir və bu təlimlərin nəticələri olduqca əhəmiyyətli hesab olunur. Azərbaycanda da belə bir təlimin təşkilindəm məmnunluğunu dilə gətirən Kənan Çelik təlim müddətində strateji məhsulların axtarışı, bu kateqoriyaya daxil olan predmetlər və s. önəmli mövzulara toxunulacağını qeyd edib. DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov təlim iştirakçılarına uğurlar diləyib, təlimin strateji ticarətin nəzarət sistemləri barədə bilik və bacarıqları artırmağa geniş imkan yaradacağını bildirib. Sonra təlim başlayıb. Təlim müddətində iştirakçılara strateji mallar haqqında anlayış və onun əhəmiyyəti, strateji malların idarə edilməsi üçün beynəlxalq hüquqi çərçivə və rejimlər, milli strateji ticarətə nəzarət sistemlərinin komponentləri və gömrüyün rolu, strateji malların nəzarət sistemində Azərbaycan təcrübəsi, strateji malların ticarətinə nərarət sisteminin icra təlimatı, strateji mallara nəzarətin tətbiqi və s. mövzularda bilgilər veriləcək. Təlim oktyabrın 12-dək davam edəcək.
AzVision.az