Məktəbəhazırlıq qruplarında dərslər başladı

Məktəbəhazırlıq qruplarında dərslər başladı
  01 Oktyabr 2018    Oxunub:8988
Bu gün 2018-2019-cu dərs ili üçün məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.
AzVision.az xəbər verir ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ, həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.

Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.

Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.

AzVision.az


Teqlər: məktəbəhazırlıq  





Xəbər lenti