Nyu-Yorkda Xəzər Biznes Forumu keçirilib
Forumda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın regionda lider dövlət olduğunu, ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində indiyədək həyata keçirilmiş və hazırda reallaşdırılan enerji və nəqliyyat bağlantıları layihələrinin, xüsusilə dünyanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin bölgənin, həmçinin qitənin dayanıqlı inkişafına və iqtisadi yüksəlişinə əvəzsiz töhfə verdiyini qeyd edib. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı və biznes mühitinin stimullaşdırılması istiqamətində həyata keçirilən struktur islahatlar barədə məlumat verən E.Məmmədyarov biznes strukturlarını ölkəmizdəki mövcud imkanlardan fəal yararlanmağa dəvət edib.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdiyini vurğulayan nazir sözügedən işğalın regional təhlükəsizliyə və sabitliyə təhdid olmaqla tammiqyaslı regional əməkdaşlığa maneə törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən Xəzər Biznes Forumu 2016-cı ildən etibarən hər il ABŞ-da təşkil olunur.
AzVision.az