BŞTİ valideynlərin müraciətinə baxmır? - Şikayətə cavab

BŞTİ valideynlərin müraciətinə baxmır? - Şikayətə cavab
  19 Sentyabr 2018    Oxunub:9305
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İşçi Qrupu birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinin tətbiqi ilə bağlı müraciətlərin operativ cavablandırılmasını təmin edir.
İdarədən AzVision.az-a verilən məlumata götə, İşçi Qrupu I sinfə və məktəbəhazırlıq qruplarına qeydiyyat üzrə onlayn sorğuların cavablandırılması, qeydiyyatla bağlı valideynlərin yönləndirilməsi, onlayn qeydiyyatdan keçirilə bilməyən sənədlər vasitəsilə elektron qeydiyyatın aparılması prosesinin tənzimlənməsi və digər məsələlərlə bağlı müraciətləri vətəndaşların qəbulu, telefon zəngi, elektron poçt və ya elektron müraciət vasitəsilə cavablandırır.

“Həmçinin, bu il ilk dəfə olaraq birinci sinfə onlayn qeydiyyat prosesində valideynləri maraqlandıran məsələləri daha operativ cavablandırmaq üçün elektron sistemin “Əlaqə” bölməsi yaradılıb. “Əlaqə” bölməsində İşçi Qrup valideynləri maraqlandıran suallara müvafiq müddət ərzində cavab verir. Bununla da valideynlərin əlavə vaxt itkisinin qarşısı alınır, ənənəvi yazılı (məktub) müraciətlərin cavablandırılması zamanı meydana çıxan obyektiv ləngimələr aradan qaldırılır və müraciətlər daha operativ cavablandırılır.

Onu da qeyd edək ki, İşçi Qrupu birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbulla bağlı nəinki iş saatlarında, zərurət olduqda hətta işdən kənar saatlarda da fəaliyyət göstərirlər. Artıq dördüncü ildir ki, birinci sinfə və ikinci ildir ki, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi elektron qaydada həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir”.

BŞTİ-nin əməkdaşlarının valideynlərin müraciətlərinə baxılmaması və ya az işçinin çoxlu sayda şikayətçini qəbul etməsi haqda məlumatlara gəlincə, bildirilib ki, bu kimi iddiaların heç bir əsası yoxdur. “Təəssüf ki, müvafiq qaydalara zidd istəyi təmin olunmadığı halda, bəzi valideynlər əsassız müraciətlərlə istəklərinin təmin olunmasında israr edirlər. Bir qayda olaraq valideynlər qəbul edilməlidirlər ki, müvafiq qaydalar bütün valideynlərin yalnız haqlı tələblərinin və qanuni istəklərinin təmin olunmasını tənzimləyir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: BŞTİ  





Xəbər lenti