Banklar dirçəlməyə başlayır: İstehlak kreditləşdirməsi artır – TƏHLİL

Banklar dirçəlməyə başlayır: İstehlak kreditləşdirməsi artır – TƏHLİL
  12 Sentyabr 2018    Oxunub:20748
İqtisadi kursun daha çox səmərə verməyini istəyiriksə, bankların həyata keçirdiyi kreditləşdirmədəki süstlük aradan qalxmalıdır. Əks halda, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımların nəticə verməsi çətin olacaq. Ən vacib məqamlardan biri iqtisadiyyata vəsait qoyuluşunda bank sektorunun rolunu bərpa etməkdir.
Bunun üçün isə banklarda vəsait çatışmazlığı problemi aradan qalxmalı və iqtisadiyyata kredit qoyuluşunun 2015-ci ildən bəri azalması tendensiyasının qarşısı alınmalıdır.

Amma son vaxtlar iqtisadiyyatda müşahidə edilən pozitiv məqamlardan biri də məhz banklar tərəfindən kreditləşdirmə ilə bağlıdır. Belə ki, cari ilin ötən ayının, yəni avqustun 1-dək banklar tərəfindən iqtisadiyyata 12 milyard 170,7 min manat kredit qoyuluşu həyata keçirilib. Diqqəti çəkan məqam ondan ibarətdir ki, bunun 4 milyard 874,5 min manatı ev təsərrüfatlarına verilib. Yəni, banklar ilin yanvar-iyul aylarında ərzində göstərilən məbləğdə istehlak kreditləri veriblər. Bu isə o deməkdir ki, istehlak kreditlərinin ümumi kredit portfelindəki çəkisi 40,1%-ə çatıb. Beləliklə də, onun payı 2015-ci ildəki səviyyəyə qayıdıb. Ümumiyyətlə, ilin əvvəlindən istehlak kreditlərinin həcmində 268 milyon manat artım qeydə alınıb.

Bu, çox müsbət haldır. Məsələ bundadır ki, banklar kreditləşdirməni məhz 2014-cü ildən azaltmağa başlayıb. Və həmin vaxtdan banklarda kredit portfelinin aktivlərdə payı azalmağa doğru üz tutub. 2012-ci ildə banklar malik olduqları sərbəst vəsaitlərin 67,1%-ni, 2013-cü ildə 73,5%-ni, 2014-cü ildə 71,5%-ni, 2015-ci ildə 60,6%-ni, 2016-cı ildə 52,3%-ni, 2017-ci ildə isə 41,5%-ni kreditlərə yönəldiblər.

Daha bir sual yaranır ki, niyə 2014-cü ildən?! Ona görə ki, məhz həmin ildən ölkədə istehlak kreditlərinin verilməsi proseduraları dəyişdirilməyə başladı: avtomobil, məişət əşyaları və sair bu kimi malların alınmasında kredit dəstəyi mexanizmi aradan götürüldü.

Ümumiyyətlə, qeyd oluna bilər ki, Azərbaycanda bank sektorunda problemlərin çoxu hələ bir neçə il öncədən mövcud idi. Düzdür. Və Mərkəzi Bank (AMB) tərəfindən ölkədə fəaliyyət göstərən banklar qarşısında 2014-cü ilin əvvəlindən istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılması da məhz bu səbəblərdən irəli gəldi. Ona görə ki, istehlak kreditləri üzrə geri ödənişlərdə borclar şişirdi. Ancaq çox qəribə idi ki, həm verilən kreditlər getdikcə daha çox səviyyədə geri qayıtmırdı, həm də kredit verilişi ardııcıl olaraq genişlənir və faizlər də artırdı.

Ümumiyyətlə, bankın fəaliyyətinin qayəsi odur ki, ona etibar olunan pulu yenidən dövriyyəyə buraxıb, gəlir götürsün. Bank əldə etdiyi gəlirə uyğun olaraq, həm öz mənfəətini qazanır, həm də götürdüyü borcun faizini ödəyir. Hansısa bank sərbəst vəsaitləri cəlb etməkdə çətinlik çəkirsə və ya cəlb etdiyi vəsaiti dövriyyəyə buraxıb, müvafiq şəkildə gəlir əldə edə bilmirsə, onda həmin bankın vəziyyəti iflic sayılır.

Dünya bazarında neftin qiyməti düşənə qədər bankların əsas gəlirləri məhz istehlak kreditləri sayəsində idi. Gəlirlərini məhz bunun üzərində qurmuşdular. Ona görə də, neftin satış qiyməti düşən kimi bankların problemi dərhal ortaya çıxmalı oldu.

Bəli, son 3 ildə ölkənin bank sektoru ağır zaman yaşayır. Verilən kreditlər geri qayıtmır. Əmanət cəlbi 2015-ci ildən sonra minimuma enmişdi. Əhalinin böyük bir qrupu banklardan əmanətlərini geri götürdüyündən, bankların kapital vəziyyətinə pis təsir göstərdi. Həmçinin, banklara yerləşdirilən vəsaitlərin həcmi azaldı. Düzdür, bunların bir çoxu üzrə müsbət dönüş başlayıb. Ancaq problemin kökü istehlak kreditlərinin məhdudlaşdırılmasında axtarılmalı idi. Yəni, vəziyyəti daha da ağırlaşdıran məhz bu faktor olmuşdu. Ona görə də, dönə-dönə yazırdım ki, yaranmış vəziyyətin qarşısını almaq üçün 2014-cü ilə qədər istehlak kreditləri üzrə qoyulan bir sıra məhdudiyyətləri aradan qaldırmaq lazımdı. O səbəbdən ki, banklar yenidən istehlak kreditləri hesabına cüzi də olsa, dirçələ bilsinlər.

Onsuz da, problemli kreditlər məsələsi həllini tapmasa, banklar tərəfindən iqtisadiyyatın sağlam maliyyələşdirilməsi mümkün olmayacaq. Cari ilin ötən ayının, yəni avqustun 1-dək banklar tərəfindən iqtisadiyyata 12 milyard 170,7 min manat kredit qoyuluşu həyata keçirilib. Kreditlərin 14,6%-nin, başqa sözlə desəm, 1 782,1 milyon manatının vaxtı keçmiş sayılır. Yeri gəlmişkən, banklar 7501.2 milyon manat milli valyutada, 4669.5 milyon manat ekvivalentində xarici valyutada kredit veriblər ki, manatla kreditlər üzrə vaxtıkeçmişin həcmi 845.5 milyon, xarici valyutada kreditlər üzrə isə 936,6 milyon manat təşkil edib.

Ümumən, ilin əvvəlindən cəmi kreditlər üzrə vaxtı keçmiş kreditlərin həcmi 86.2 milyon manat, başqa sözlə desəm, 10%-ə yaxın artıb. Bu fonda, istehlak kreditlərinin ümumi kredit portfelindəki payının 2015-ci ildəki səviyyəyə qayıtması özü bir qeyri-adi faktordur.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Banklar   kredit  





Xəbər lenti