Aqrar islahatların yeni mərhələsi başlayır

Aqrar islahatların yeni mərhələsi başlayır
  01 Avqust 2018    Oxunub:13067
"Prezident İlham Əliyev ölkədə həyata keçirdiyi aqrar islahatlar çərçivəsində növbəti fərman imzalayıb. Bununla da Azərbaycanda aqrar islahatların yeni mərhələsi başladığını söyləmək olar".
AzVision.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov nazirliyin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə prezidentin imzaladığı fərmana münasibət bildirərkən deyib.

O qeyd edib ki, fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilib, onların əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. DAİM-in yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.

A,Hüseynov bildirib ki, DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar.

"Bundan başqa Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da yaradılacaq. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunacaq. Şuraların əsas vəzifələri fermerlərin problemlərini öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya Şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək", - deyə nazirlik rəsmisi vurğulayıb.

Aytən Zəhra
AzVision.az




Teqlər: Nazirlik   İslahat   Fərman  





Xəbər lenti