Növbəti hərracın nəticələri açıqlanıb

Növbəti hərracın nəticələri açıqlanıb
  31 İyul 2018    Oxunub:8604
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun 31-də şəffaflığın təminatı, innovativ imkanların tətbiqi ilə növbəti hərrac keçirilib. Hərracda elektron sifarişlərin verilməsi, onlayn iştirak, ziyarətçilərin prosesi maneəsiz izləməsi kimi müsbət cəhətlər vətəndaş rahatlığına və məmnunluğuna yönəlib.
Komitədən AzVision.az-a bildirilib ki, iyulun son hərracında investorlar tərəfindən özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxt və Xaçmaz rayonu ərazisində yerləşir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Məmmədyarov kinoteatrının ümumi faydalı sahəsi 1439 kvadratmetrdir. İnvestor 125 min manat ödəyərək bu əmlakı torpaq sahəsi ilə birlikdə özəlləşdirib. Hərrac qalibinin bu əmlakın fəaliyyətini bərpa etməsi ictimai-mədəni sahələrdə əhaliyə xidmət göstərməyə imkan yaradacaq. Xaçmaz rayonu, Xudat şəhərində yerləşən “Xudat” çayxanasının ümumi faydalı sahəsi 57.3 kvadratmetrdir. Şəhər mərkəzində yerləşən və uyğun ilkin qiymət təyin olunan bu məkan sərmayəçi üçün potensial gəlir mənbəyinə çevriləcək.

Hərracda özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın müxtəlif rayonlarındadır. İştirakçı ümumi faydalı sahəsi 295 kvadratmetr olan Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən dövlət obyekti üçün 75 min manat ödəyib. Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində, ümumi faydalı sahəsi 58 kvadratmetr olan dövlət əmlakı yeni biznes imkanları yaradacaq. Sahibkar investisiya qoymaqla obyekti fərqli fəaliyyət sahələri üzrə gəlir mənbəyinə çevirə bilər. Avtomobil almaq arzusunda olanlar hərracda buraxılış illəri 2007 olan “Fiat” markalı nəqliyyat vasitələrinə 3 min 500 manat ödəməklə sahib oldular.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac avqustun 7-də keçiriləcək. Hərraca ümumilikdə 44 dövlət əmlakı çıxarılıb. Budəfəki hərracda investorlar 17 səhmdar cəmiyyət, 12 kiçik dövlət müəssisə və obyekti, 15 qeyri-yaşayış sahəsi arasında seçim edə biləcək.

Hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat almaq və iştirak etmək istəyənlər Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

AzVision.az


Teqlər: Hərrac  





Xəbər lenti