700 bal toplayan kənd qızı: "Məktəbimiz qəzalı vəziyyətdədir"

700 bal toplayan kənd qızı: "Məktəbimiz qəzalı vəziyyətdədir"
  23 İyul 2018    Oxunub:26972
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilən yay qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərdən biri Göyçay rayon Ləkçiplaq kənd 1 saylı tam orta məktəbinin məzunu Şəkər Qədirlidir.
AzVision.az-ın məlumatına görə, I ixtisas qrupu üzrə 700 bal toplayan Şəkər Qədirli Göyçayda rekorda imza atan ilk abituriyentdir.

"700 bal toplamaq gözəl hisdir, hər zaman belə nəticə olmasını arzulamışam və arzuma çatdım. Sınaq imtahanında sonuncu dəfə 700 bal toplamışdım və bu nəticəni əldə edəcəyimə inanırdım. Bir il hazırlaşmışam. Sadəcə birinci imtahanda xarici dildə kodlaşdırmada və fizikadan bir sualda səhv etdiyim üçün 685 bal toplamışdım", - deyə rekordçu qız təəssüratlarını bölüşüb.

O, təhsilini Baki Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi fakültəsində davam etdirmək istəyir: "Məndən başqa məktəbimizdə 500, 600-dən yuxarı nəticə göstərən abituriyentlər çoxdur. Sadəcə məktəbimiz qəzalı vəziyyətdədir. Hazırda məktəb bağlanılıb və yeni tədris ilindən yəqin ki, şagirdlər kənd bələdiyyəsinin binasında təhsillərini davam etdirəcəklər”.

Ş.Qədirlinin sözlərinə görə, onun bacısı da yüksək balla (677 bal) ali məktəbə qəbul olub, hazırda Bakı Ali Neft Məktəbində təhsil alır.

Aytən Zəhra
AzVision.az


Teqlər: 700-bal  





Xəbər lenti