Böyük strateji layihənin ilk addımı – TƏHLİL

Böyük strateji layihənin ilk addımı – TƏHLİL
  30 May 2018    Oxunub:7056
Azərbaycan sürətlə dünyada əhəmiyyətinə görə ikinci enerji növü sayılan təbii qaz ixracatçısı kimi tanınması dövrünə qədəm qoyur. Söhbət "Cənub Qaz Dəhlizinin" birinci hissəsinin açılışından gedir. “Cənub Qaz Dəhlizi” adı altında 3 layihə birləşir: Cənubi Qafqaz Boru Kəməri (GQBK), TANAP və TAP. Başlanğıc, başqa sözlə desəm, mənbə isə "Şahdəniz-2"-dir. Bütün bu işlərə ümumilikdə 40 milyard ABŞ dolları həcmində vəsait qoyulacaq.
Azərbaycan təbii qaz ixrac etməyə ilk dəfə 11 il bundan qabaq - 2007-ci ildə başlayıb. Həmin il “Bakı-Tbilisi-Ərzurum” qaz kəmərinin istifadəyə verilməsi ilə Türkiyəyə mavi yanacaq ixrac olunmağa başlandı. İlk qaz müqaviləsi isə “Şahdəniz” yatağı üzrə bundan xeyli əvvəl, - 1996-cı ilin 4 iyununda imzalanmışdı. Müqavilənin tərəflər arasında pay bölgüsü belə idi: BP – operator (28,8%), TPAO (19%), Petronas (15,5%), ARDNŞ (10%), LUKoil (10%), Nico (10%) və Sgc Upstream (6,7%).

Ancaq o vaxt Avropada enerji təhlükəsizliyi məsələsi aktual deyildi. Odur ki, hər hansı yeni qaz layihəsi barədə söhbət düşsəydi belə, bu, cəfəngiyyat sayılar və rentabelli hesab edilməzdi. Ancaq, Azərbaycan “Bakı-Tbilisi-Ərzurum” qaz boru kəməriylə hələ o vaxt ilk addımını atmışdı. Və bu addım, ölkəmizin gələcəkdə böyük qaz ixracçısı kimi tanınmaq istəyinin əsasını qoymuşdu.

“Şahdəniz” yatağı Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir və burada ilk qaz 1996-cı ilin 4 iyun tarixində imzalanan sazişə əsasən qurulan platformadan qazılmış quyuda 2006-cı ilin noyabrında hasil edilib. Amma bu, 1-ci mərhələyə aid işlər idi. Belə ki, bu mərhələdə hasilatın ildə maksimum 8,6 milyard kubmetr, kondensatın isə gündə 50.000 barrel olacağı deyilmişdi. Hasil olunan sözügedən mavi yanacaq 2006-cı ildən Azərbaycanın, Gürcüstanın və Türkiyənin ehtiyacları üçün sərf edilməkdədir.

Sözügedən yatağın tammiqyaslı işlənməsi isə 2-ci mərhələyə aid işdir. Belə ki, bu mərhələdə ildə ilkin olaraq, əlavə 16 milyard kubmetr qaz hasil ediləcək ki, buna görə də adı çəkilən yataq dunyanın ən böyük qaz layihələrindən biri sayılır. 2-ci mərhələdən çıxarılacaq 16 milyard kubmetr qazın 6 milyardı Türkiyəyə, 10 milyardı isə Avropaya nəql edilməlidir.

Yeri gəlmişkən, “Şahdəniz-2”-yə stimul yaradan əsas hadisə 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanan strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu oldu. 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında TANAP - Trans-Anadolu Boru Kəmərinin çəkilməsinə dair tarixi sazişin imzalanması isə 2013-cü ildə “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşu üçün əsas yaratdı. Ardınca, yəni, 2014-cü ildə GQBK ilə bağlı Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə isə Türkiyənin Qars vilayətində TANAP-ın özülü atıldı. GQBK-nın təməlinin qoyulması TANAP üçün əsas yaratdısa, sonuncu da Trans-Adriatik Boru Kəmərini - TAP-ı qaçılmaz etdi.

“Cənub Qaz Dəhlizi” sayca hələ ki 7 ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir. Və daha 3 Balkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiyanın da bu sıraya qoşulacaqları qaçılmaz hesab edilir. Yəni, Azərbaycan qazı gələcəkdə daha çox sayda ölkələrə ixrac olunacaq.

Sözün qısası, “Cənub Qaz Dəhlizi”nin birinci hissəsi açıldı. Prezident İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə saldı. Gələn ayın 12-də isə Türkiyənin Əskişəhərində iki ölkə prezidentlərinin iştirakı ilə TANAP-ın istifadəyə verilməsi ilə rəsmi açılış olacaq. TANAP üzrə ilk qazın isə iyunun 30-da ötürüləcəyi deyilir. Ümumiyyətlə, ilin sonuna qədər sözügedən kəmər vasitəsilə 1 milyard kubmetr qaz ixrac olunacaq. Yeri gəlmişkən, anoloji mövzuda əvvəlki şərhlərimdə də qeyd etmişdim ki, Azərbaycan qazının Avropa ölkələrinə nəzərdə tutulduğu vaxtda nəql edilməsi mümkün olacaq.

“Cənub Qaz Dəhlizi” böyük strateji infrastruktur layihəsidir. Bu layihə gələcəkdə təkcə Azərbaycana xidmət etməyəcək. Qərb ölkələrinin də layihəyə dəstək vermələri məhz bununla əlaqədardır. Düzdür, Azərbaycanın bütövlükdə mövcud qaz resursları yalnız “Şahdəniz-2”dən ibarət deyil. Başqa yataqlarımız da var: “Abşeron”, “Ümid”, “Qarabağ”, “Babək” və sair... Bu gün ölkəmizin təsdiq olunan qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr ölçülür. Bunun təkcə 1,2 trilyonu “Şahdəniz”də yerləşir. “Cənub Qaz Dəhlizi” layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə onun ötürücülük qabiliyyətini 2 dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacaq.

Hazırda qeyd olunur ki, gəlirlərimiz 100 milyard ABŞ dollarından çox olacaq. Söhbət “Şahdəniz” yatağının hər iki mərhələsindən gedir. Ancaq bunu indi dəqiq söyləmək mümkün deyil. O mənada ki, gəlirlər daha çox ola bilər. Orta və uzaq perespektivdə Azərbaycan özü də Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi çıxış edə bilər. Əsas hədəflərdən biri də məhz bundan ibarətdir.

Bu baxımdan, dövlət başçımız da təsadüfən qeyd etmədi ki, hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr və istehlakçı ölkələr, - hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar, - onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam şəkildə təmin ediləcək. “Yəni, maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə bilməzdi. Bizim enerji siyasətimizlə bağlı yanaşmamız məhz bundan ibarətdir.” – deyə, cənab Prezident açılış mərasimində vurğuladı.

“Şahdəniz” - dünyanın ən nəhəng qaz yataqlarından biridir. Odur ki, onun işlənməsi Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə desəm, enerji təhlükəsizliyi məsələsi hər iki tərəf arasında əməkdaşlığın mühüm tərkib hissəsini təşkil edir. Çünki “Cənub Qaz Dəhlizi” enerji resurslarının şaxələndirilməsi işində çox önəmli layihədir.

Bu layihədə həm mənbələr, həm də marşrutlar üzrə şaxələndirmə mövcuddur. Dövlət başçımız da qeyd etmişkən, Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyinə aid bir layihədir. Burada bütün tərəflərin maraqları var və bu maraqlar arasında balans əslində, yüksək dəqiqliklə gözlənilib.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Cənub-Qaz-Dəhlizi  





Xəbər lenti