Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqlədi - VİDEO+FOTOLAR (Yenilənib)

Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqlədi - VİDEO+FOTOLAR (Yenilənib)
  17 Aprel 2018    Oxunub:8072
2018-ci il 11 aprel tarixində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
AzVision.az xəbər verir ki, məruzəçi hakim Sona Salmanova Mərkəzi Seçki Komissiyasının seçki protokolunun təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə göndərdiyini bildirib. Hakim Rafael Qvaladze isə seçkilərin nəticəsinə dair protokola əsasən, İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu deyib.



İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov namizədlərə yaradılmış şərait barədə məlumat verib. Bildirib ki, namizədlərə ödənişsiz efir vaxtı, həmçinin qəzetlərdə yer ayrılıb.

MSK sədri deyib ki, səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib. O, bildirib ki, prezident seçkiləri ilə əlaqədar 15 nəfərin namizədliyi irəli sürülüb, 15 nəfərə imza vərəqi verilib, 10 nəfər imza vərəqini qaytarıb, 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.



M.Pənahov bildirib ki, səsvermə günü seçicilər çox mütəşəkkil şəkildə məntəqələrə gəlib və öz seçdiyi namizədə səs veriblər. MSK rəsmisi bildirib ki, 4 seçki məntəqəsinin nəticələri ləğv edilib. Belə ki, həmin məntəqələrdə pozuntu halı aşkarlanıb. O, əlavə edib ki, bütün seçki prosesi zamanı MSK müxtəlif dövlət qurumları ilə aşağı seçki komissiyasının üzvləri ilə müxtəlif formatlı tədbirlər həyata keçirib.



Sonra Dövlət Statistika Komitəsinin əməkdaşı Ulduzə Həmidova məruzə ilə çıxış edərək seçki komissiyalarında səslərin hesablanması zamanı heç bir qeyri-dəqiqliyə yol verilmədiyini vurğulayıb.

İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edib. O, prezident seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib. Çıxışlardan sonra plenum fasiləyə ayrılıb.



Fasilədən sonra sədr Fərhad Abdullayev çıxış edərək nəticələri açıqlayıb və Konstitusiya Məhkəməsi Plenumu prezident seçkisinin nəticələrini təsdiq edib.

F.Abdullayev bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.

Xatırladaq ki, 15 aprel tarixində Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinə yekun vurub. 11 aprel tarixində keçirilmiş növbədənkənar prezident seçkilərinin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 faiz (3 milyon 397 min 664) səs toplayaraq seçkilərdə qələbə qazanıb.



Digər namizədlər - Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%, "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc isə 3,12% səs toplayıb.

Qeyd edək ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmən elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.




Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:





Xəbər lenti