XİN Sarkisyanın bəyənatına rəy bildirdi

XİN Sarkisyanın bəyənatına rəy bildirdi
  03 Oktyabr 2013    Oxunub:1124
XİN: Sarkisyan AŞ PA tribunasından istifadə edərək beynəlxalq ictimaiyyətdə yenidən yanlış rəy yaratmağa çalışır.
Ermənistan Prezidenti Serj Sarkisyan beynəlxalq təşkilatın tribunasından istifadə edərək beynəlxalq hüquq normalarını özü bildiyi kimi şərh etməklə dünya ictimaiyyətində yenidən yanlış rəy yaratmağa çalışır. AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Serj Sarkisyanın AŞ PA-dakı bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, görünür, Ermənistan Prezidentinin belə yanaşması onun beynəlxalq hüquqa və beynəlxalq ictimaiyyətin rəyinə tamamilə hörmət etməməsindən irəli gəlir:
"Ermənistan Prezidenti başa düşmür ki, danışıqlar prosesində manipulyasiya etmək və münaqişənin nizamlanmasının uzadılmasına yönəldilmiş müxtəlif bəhanələr bütün regionun təhlükəsizliyinə, xüsusilə Ermənistanın özünə çox mənfi təsir edir".

XİN rəsmisi bildirib: "Bilmirəm Sarkisyan demokratiyanı necə başa düşür, lakin onun demokratiya anlayışı və düşüncəsinin beynəlxalq ictimayyətin demokratiya anlayışından fərqli olduğu birmənalıdır. Bir onu bilirəm ki, cinayətlər, etnik təmizləmələr və beynəlxalq hüquq və beynəlxalq humanitar hüququ pozmaq sayəsində "demokratiya" inşa etmək bəşəri ideallarla əks mütənasibdir. Azərbaycanın işğal edilmiş ərazilərində yerli azərbaycanlı əhalinin qanı hesabına rejim qurmaq, sonra isə bunu demokratiya adlandırmaq ümumbəşəri dəyərlərə hörmətsizliyin həyasızcasına nümayişidir".

Qeyd edək ki, S.Sarkisyan oktyabrın 2-də AŞ PA-nın Strasburqda keçirilən iclasında yenidən Azərbaycanın ünvanına ittihamlarla çıxış edərək Dağlıq Qarabağı "demokratik cəmiyyətin nümunəsi" adlandırıb.


Teqlər:





Xəbər lenti