Səssiz ölüm: Dəm qazından necə qorunaq?

  Səssiz ölüm: Dəm qazından necə qorunaq?
  29 Oktyabr 2024    Oxunub:987
Havaların soyuması səbəbindən təbii qazdan istifadə edənlərin sayı artır. Bununla yanaşı dəm qazından zəhərlənmə və ölüm halları da artıq müşahidə olunur. Səssiz-sədasız gələn bu təhlükə yanma prosesi tam olmadığı zaman yaranır. Bu qaz rəngsiz, qoxusuz və dadsızdır, buna görə də insanlar onu hiss edə bilmir. Dəm qazı qanımızda oksigen daşıyan hemoglobinə bağlanaraq oksigenin toxumalara çatdırılmasına maneə törədir, nəticədə boğulma və ölüm riski yaranır.
Bəs, bu təhlükədən necə qoruna bilərik?

Mövzu ilə bağlı AzVision.az -a danışan kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov bildirib ki, havaların soyuması səbəbindən təbii qazdan istifadə edən abonentlərin sayı üç-dörd dəfə artır:

"Qaz yüksək təhlükə mənbəyidir. Həyat əhəmiyyətli yanacaq növüdür. Dəm qazı zəhərlənmələrindən qorunmaq üçün evlərdə pəncərə gözlükləri daim açıq olmalıdır. Evə girəndən sonra pəncərəni açıb evin havasını dəyişmək, sonra qazı, işığı yandırmaq lazımdır. İldə iki dəfə tüstü bacaları, havalandırma sistemi yoxlanılmalıdır. Hamamxananın qapısı xaricə açılmalıdır. Qapının aşağısında deşiklər olmalıdır ki, qaz yanan otağa xaricdən hava daxil olsun.

Duyğusuz Qatil: "Azəriqaz" zəhərlənmədən qorunmağın yollarını izah edib - VİDEO
Başqa bir məsələ odur ki, təchizatçılar tərəfindən mütəmadi profilaktik tədbirlər aparılmır. Təkcə televizor vasitəsi ilə maarifləndirmə olmur. Həm ailə üzvlərinə, həm də işçilərə dəm qazının təhlükələri haqqında məlumat vermək və təhlükəsizlik qaydalarını öyrətmək lazımdır.

Dəm qazından zəhərlənmələrin müxtəlif səbəbləri var. İlk növbədə bu, alınan cihazlardan asılıdır. Cihaz elə istehsal olunur ki, 1 kub/m qazın yanması üçün 9, 5 kub/m hava, oksigen lazım olur. Bu hava artıq olanda və ya çatmayanda yanma prosesi düzgün getmir. Bu zaman dəm qazı əmələ gəlir. Yəni karbon 4-oksid əvəzinə karbon mol oksid əmələ gəlir ki, bu da zəhərlidir. Əgər bir otaqda 0,1 faiz karbon mol-oksid yaranarsa, bu zaman 7-30 dəqiqə ərzində qaz dəmi insanın həyatına son qoyur".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   dəmqazı   zəhərlənmə  





Xəbər lenti