Orban Ukraynaya görə Aİ-ni ittiham edir

   Orban Ukraynaya görə Aİ-ni ittiham edir
  14 Mart 2025    Oxunub:486
Macarıstan Ukraynanın tələsik Avropa İttifaqına daxil olmasına imkan verməyəcək və düşünür ki, Brüssel ona yalnız Rusiyaya qarşı hərbi əməliyyatları davam etdirmək üçün birliyə qoşulacağını vəd edir.
AzVision.az bildirir ki, “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı belə bəyanat verən Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin bu yaxınlarda Ukraynanın 2030-cu ilə qədər Aİ-yə üzvlüyünü təmin etmək niyyətini təsdiqlədiyini xatırladıb.

“Bu gün Brüsselin rəsmi mövqeyi ondan ibarətdir ki, Ukrayna mümkün qədər tez bir zamanda Aİ-yə qəbul edilməlidir. Belə anlaşılır ki, bu, bir-iki il ərzində baş verməlidir. Avropa liderləri qərara gəliblər ki, Ukrayna Aİ-yə üzvlüyün sürətləndirilməsi müqabilində Rusiyaya qarşı hərbi əməliyyatları davam etdirməlidir”, - Macarıstan hökumətinin başçısı deyib.

Onun fikrincə, belə siyasət bütün Aİ-ni məhv edəcək. Ukraynanın tələsik şəkildə Aİ-yə qəbul edilməsi Avropa ölkələrinə, ilk növbədə isə, Macarıstana düzəlməsi mümkün olmayan iqtisadi ziyan vuracaq.

- Ukraynanın Aİ-yə tam üzv olması Macarıstan iqtisadiyyatını məhv edəcək. Buna görə də Budapeşt bütün ölkələrin fikirləri nəzərə alınmadan belə bir qərarın Brüsseldə bir neçə “ağıllı” tərəfindən kağız üzərində qəbul edilməsinə icazə verməyəcək”, - Viktor Orban öz opponentlərinə xəbərdarlıq ünvanlayıb.

Macarıstanın baş naziri həmçinin qeyd edib ki, Şimali Makedoniya, Serbiya və Monteneqro Aİ-yə üzv olmağa Ukraynadan qat-qat yaxşı hazırdır.

Bu arada, “Financial Times (FT)” nəşri Aİ rəsmilərinin Macarıstanın səsvermə hüququndan məhrum olunmasının mümkünlüyünü müzakirə etdiklərini yazıb. Çünki Budapeşt Aİ-nin bir çox birgə qərarlarını ənəglləmək imkanına malikdir.

“Onlar Budapeştə qarşı Aİ müqaviləsinin 7-ci maddəsini tətbiq etmək istəyirlər. Bu, üzv dövləti səs hüququndan məhrum etmək üçün həddən ziyadə bir addımdır. Lakin Brüssel belə bir addımın yaradacağ siyasi problemləri və nəticələri yaxşı dərk edir”, - qəzet bildirir.

Bununla belə, nəşr yazır ki, Macarıstan Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılmasını dəstəkləməkdən imtina edərsə, onun səs hüququndan məhrum olunması ehtimalı artacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Orban     ittiham  





Xəbər lenti