Rusiya Aİ-ni təşvişə salıb- "Politico" "Ağ kitab"dan yazdı

     Rusiya Aİ-ni təşvişə salıb-    "Politico" "Ağ kitab"dan yazdı
  14 Mart 2025    Oxunub:628
Avropa Rusiyadan gələn təhlükə üzündən özünün siyasi blokunu yenidən silahlandırmaq üçün böyük plan həyata keçirməyə hazırlaşır.
Bu fikirlər ABŞ-nin “Politico” saytında dərc olunan məqalədəndir. Nəşr Avropa İttifaqının (Aİ) müdafiə məsələləri üzrə "Ağ kitab" layihəsinə istinad edib.

Ursula fon der Lyayen: “Putin düşməndir, ona inanmaq olmaz”
Sənəddə deyilir: “Avropa müdafiə sisteminin yenidən qurulması uzun müddətli böyük investisiya tələb edir". Eyni layihədə Avropaya Rusiyadan qaynaqlandığı iddia edilən “ekzistensial təhlükə” də vurğulanır.

Məhz bu baxımdan, Avropa ölkələri Ukraynada münaqişə başa çatdıqdan sonra qitədə birgə hərbi sənaye kompleksi yaratmaq, müdafiə məhsullarının alışını artırmaq, həmçinin Kiyevə yardımı da çoxaltmaq istəyirlər.

Xatırladaq ki, bir neçə gün öncə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Aİ ölkələri liderlərinin Brüsseldə keçirilən sammiti zamanı Avropanın silahlandırılması (ReArm EU) üçün 800 milyard avro dəyərində planı razılaşdırdıqlarını bildirib.

"Agence France-Presse" agentliyininin yaydığı məlumata görə, Avropanın yenidən silahlanması planı Brüsseldə keçirilmiş danışıqlarda Aİ ölkələrinin 27 lideri tərəfindən razılaşdırılıb.

“Euractiv” nəşri isə Aİ-nin yenidən silahlanma planını xülya adlandırıb.

“Bu cür vəsaitlərin səfərbər edilməsi silah istehsalını artırmaq və cəmiyyətin müdafiə sektoruna investisiyaları genişləndirmək üçün “real” imkandan daha çox “ümid və fərziyyələrə əsaslanır”. Fon der Lyayen layihəni həyata keçirmək üçün real pul tapmağın bütün yükünü üzv dövlətlərin çiyninə atıb, Brüsselin isə plana maliyyə töhfəsi əhəmiyyətsiz görünür”, - portalın dərc etdiyi materialda vurğulanır.

Tural Tağıyev
AzVision.az



Teqlər:     Rusiya  





Xəbər lenti