Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə!

Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə!
  29 Yanvar 2018    Oxunub:2135
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 25-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək.
DİM-dən AzVision.az-a verilən məlumata görə, magistraturaya qəbul imtahanına hazırlaşan bakalavrlar üçün fevralın 4-də imtahanın birinci mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı olacaq.

Sınaq imtahanında istifadə olunacaq testlər yenidir və magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə proqrama tam uyğundur. Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. İmtahanının məqsədi bakalavrlara münasib vaxtda qapalı və açıq formalı test tapşırıqları vasitəsi ilə onların verbal və riyazi məntiqini, fəza təfəkkürünü , İKT və xarici dil üzrə bilik, bacarıq və vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.

İmtahanlar rayonlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 31-dək saat 10:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan “Hesaba” daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.

Namizədlər imtahana yazılmaq üçün “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”, “Sınaq imtahanının növü”, “Magistratura səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq/mag səhifəsində yeni istifadəçi kimi qeydiyyatdan keçib imtahan binasını seçməlidirlər.

AzVision.az


Teqlər: DİM   AMEA  





Xəbər lenti