Prezidentin özünə ad günü hədiyyəsi
Belə bir gündə Prezidentin baş çəkdiyi yerlər də rəmzi anlam daşıyır. Son illərdə cənab Əliyevin öz ad günündə açılışına, yaxud təməlqoyma törəninə getdiyi istər iqtisadi, istərsə də sosial obyektlərin arasında mütləq ev də olur. Bu, məsələn, qaçqınlar üçün yeni salınmış şəhərcik də ola bilər, yaxud, əsgərlər üçün yeni binanın təməlinin qoyulması da... Amma bütün hallarda ev ilə bağlı olur, ev isə ailənin simvoldur.
Hər bir ailənin xoşbəxtliyi ev ilə bağlıdır; evin təməli qoyulur, yaxud açılışı edilirsə, bu, o deməkdir ki, həmin gün yüzlərlə ailə xoşbəxt olacaq. Prezident özünün ad günündə yüzlərlə başqa ailələrə sevinc yaşadır və bununla sanki demək istəyir ki, “mənim ailəm bir deyil”.
Təbii ki, dövlət başçıları bir qayda olaraq rəsmi dildə, protokol qaydalarını gözləyərək danışmalıdırlar, bu, anlaşılandır. Dövlətin birinci şəxsləri nə qədər səmimi insan olsalar da, mütləq rəsmi şablonlara uyğun davranmalıdırlar. Ona görə də, Birinci Şəxslərdən sırf insani səmimiyyətlə deyilmiş sözləri az hallarda eşitmək olar. İlham Əliyevin də prezidentdən daha çox, insan kimi dediyi səmimi sözlər var və onların ən vacibi budur: “Prezident o zaman sevinir ki, onun xalqı sevinir”. Bu cümlə cənab Əliyevin həm insan, həm də dövlət başçısı kimi təbiətini dərk etmək üçün bir nömrəli açar sayıla bilər.
Bu cümlənin prizmasından baxsaq, aydın olar ki, niyə Prezident hər dəfə ad günündə mütləq hansısa obyektlərə gedir, niyə bu obyektlərin arasında ev də olur və niyə çox vaxt orada sadə insanlarla görüşür. Ona görə ki, hər bir insanın hiss etdiyi ən böyük sevinclərdən biri şəxsi evinə sahiblənmək hissini yaşadığı anlar olacaq. Prezident ad günündə məhz bunu görmək istəyir – Sadə insanların yaşadığı ən böyük sevinci. Çünki bunu özü üçün ən dəyərli ad günü hədiyyəsi sayır.
Bu gün də Dövlət Başçısı əvvəlcə Hövsan Yaşayış Kompleksində tikiləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasiminə qatıldı. Orada salınacaq şəhərcikdə 3 mindən çox ailə güzəştli şərtlərlə mənzillə təmin olunacaq. Təsəvvür edirsinizmi: 3000-dən çox ailənin sevinci! İlham Əliyev kimi düşünən bir dövlət başçısı üçün bundan da böyük nə hədiyyə ola bilər ki?!
Daha sonra isə Prezident “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub. İqtisadi əhəmiyyətilə yanaşı, bu da əslində rəmzi anlamı olan bir layihədir. Çünki vaxtilə həmin ərazidə yerləşən “Qara şəhər”dən “Ağ şəhər”ə doğru baş tutan çevrilmə simvolik olaraq Azərbaycanın keçdiyi yolu göstərir. Elə bir yol ki, onu görmək İlham Əliyev kimi düşünən bir dövlət başçısına ən böyük hədiyyədir.
Elə insanlar var ki, onlara maddiyyat qismindən nəsə hədiyyə etməyin sadəcə, mənası yoxdur. Cənab Prezident doğum günündə sadə xalqın içində olmaqla, obyektlərin açılışına, təməlinin qoyulmasına qatılmaqla imkan yaradır ki, insanlar ona ən böyük hədiyyəni – öz sevinclərini bəxş etsinlər. Əvvəlcə özünün Böyük Ailəsindən sevinc və sevgi payını alır, sonra isə evində, süfrə arxasında Kiçik Ailəsindən.
Bunlar dəyəri ölçüyə gəlməyən hədiyyələrdir. Hər birimizin həyatında bu cür dəyəri ölçüyə gəlməyən hədiyyələr olur, amma biz onu doğmalarımızın sevgisi və sevinci şəklində adətən bir Kiçik Ailəmizdən, yaxud, bir kiçik çevrəmizdən alırıq, Prezident isə həm də Azərbaycan boyda Böyük Ailədən. Hər bir ad günündə sadə insanların içində olmağın sirri yəqin, həm də bunda gizlənir.
Vüsal Məmmədov
AzVision.az
Teqlər: #İlham-Əliyev #Ad-Günü #Prezident