Evsiz alimlər daha 3 il gözləməli olacaqlar

Evsiz alimlər daha 3 il gözləməli olacaqlar
  15 Dekabr 2017    Oxunub:2646
"Elmin cəmiyyətin inkişafında rolunu artırmaq üçün elm yalnız dövlət büdcəsindən deyil, digər mənbələrdən də maliyyələşməlidir".

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.
AMEA prezidenti deyib ki, Azərbaycanda qrant yolu ilə maliyyələşmə bir neçə ildir tətbiq olunur. Onun sözlərinə görə, müasir tələblərə uyğun olaraq bu sistem təkmilləşdirilməli və gənc alimlərin fəaliyyətinin stimullaşdırılmasına yönəldilməlidir: "Bəzən Elmlər Akademiyasını günahlandırırlar ki, orada işləyənlər yaşlı nəslin nümayəndələridir. Məsələ yaşlı olmaqda deyil, intellektual nailiyyətdədir. Ali məktəblər AMEA-nın potensialından istifadə edərək gənc alimlərin yetişdirilməsinə nail olmalıdırlar".

A.Əlizadə qeyd edib ki, əsas məsələlərdən biri gənc alimlərin sosial müdafiəsi ilə bağlıdır: "Elmi əməyin stimullaşdırılması vacibdir. Bu, həyatını yeni quran gənclik üçün xüsusilə əhəmiyyətlidir. Son illər alimlərin əmək haqqının artırılması istiqamətində ardıcıl addımlar atılır. Gənc alimlərin mənzillə təminatı da vacibdir. İlkin olaraq xeyli gənc alimə mənzillərinin açarları təqdim olunub. Saray qəsəbəsində Alimlər şəhərciyi salınması barədə razılıq əldə edilib. Yaxın vaxtlarda orada təməl qoyulacaq. İnanırıq ki, 2020-ci illərdə növbəti mənzillərin açarları gənc alimlərə təqdim ediləcək".

AMEA prezidenti vurğulayıb ki, ölkədə və xaricdə yaşayan gənc alimlərin elmi fəaliyyəti müasir tələblər səviyyəsində koordinasiya edilməli, gənclər daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunmalıdırlar.

“AMEA-nın gənc alimlərinin bir çox elmi nailiyyətlər əldə edib, yeni kəşflərə imza atıblar. Gənclərimiz Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Cenevrədə yerləşən Avropa Nüvə Tədqiqatları Təşkilatı (SERN) və digər beynəlxalq elmi mərkəzlərdə aparılan qlobal elmi layihələrdə yaxından iştirak edir. Molekulyar biologiya və biotexnologiyalar sahəsində gənc alimlərin apardığı tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə olaraq, xüsusi bitkilərdə fitoplazma patogeni aşkar olunub, dünya elmi üçün dörd yeni genotip müəyyən edilib. Akademiyanın gənc alimlərinin yaxından iştirakı ilə yeni sinif unikal funksional materiallar – topoloji izolyatorlar sintez olunub, Avropa Birliyi ölkələri və Yaponiyanın elmi müəssisələri ilə birlikdə tədqiq edilib”.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA   Akif-Əlizadə  





Xəbər lenti