28 faiz uşaq 9-cu sinifdən sonra təhsilini davam etdirmir

28 faiz uşaq 9-cu sinifdən sonra təhsilini davam etdirmir
  14 Dekabr 2017    Oxunub:2602
"Müəyyən illərdə I sinifdən IX sinfə qədər məktəbə gedən uşaqların sayında müəyyən azalmalar müşahidə edilir. IX sinfin buraxılış imtahanlarından sonra təxminən 30 faiz şagird tədris prosesindən ayrılıb, 10-cu sinfə keçmir"
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda təhsil işçiləri, müəllim və valideynlərlə yeni qəbul qaydaları ilə bağlı görüşdə deyib.

DİM rəhbərinin sözlərinə görə, həmin uşaqların 1-2 faizi, bəzi illərdə 4 faizə qədəri peşə məktəblərinə, bir neçə faizi isə ixtisas məktəblərinə gedir. Ümumilikdə isə 27-28 faiz uşaq 9-cu sinifdən sonra təhsilini davam etdirmir.

“Ölkə üzrə təhsillərini davam etdirməyən qız və oğlanların sayı əllinin-əlliyədir. Müəyyən rayonlarda qızların sayında, müəyyən rayonlarda oğlanların sayında təhsildən yayınanlar çoxluq təşkil edir. Müxtəlif parametrlərə görə Sumqayıtın nəticələri həmişə Bakının nəticələrindən yaxşı olub. Bu il də Sumqayıtda XI sinfin buraxılış imtahanlarının nəticələri yüksəkdir, nəinki Bakının. Baxmayaraq ki, Sumqayıtda 3000-ə yaxın, Bakıda isə 20 minə yaxın məzun var”.

Azərbaycanda icbari təhsilin 9 illik olduğunu xatırladan M. Abbaszadənin sözlərinə görə, DİM 14 və 15 dekabrda 38 şəhər və rayonun ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.

DİM sədri əlavə edib ki, monitorinq imtahanları dövlət vəsaiti hesabına təşkil olunacaq: “XI sinfin buraxılış imtahanlarının nəticəsi təkcə məktəbin nəticəsi deyil, çünki şagirdlər məktəbdən əlavə hazırlaşırlar. Buna görə də IX və XI sinfin buraxılış imtahanlarında fərqi görürük”.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Məleykə-Abbaszadə  





Xəbər lenti