İvanka Trampın təriflədiyi Reyhan: “Lütfizadə kimi iz qoymaq istəyirəm”(FOTOLAR+VİDEO)

İvanka Trampın təriflədiyi Reyhan: “Lütfizadə kimi iz qoymaq istəyirəm”(FOTOLAR+VİDEO)
  29 Noyabr 2017    Oxunub:11780
Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitdə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (İstək liseyi) 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova ixtirası ilə qatılıb və böyük uğura imza atıb.
AzVision.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Reyhan Camalovanın nailiyyətini təqdir edib: “Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm”.



Dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial enerji kimi istifadə etmək olar. Bu problemi həll etmək üçün Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.



Reynerci layihəsi “Climatelaunchpad” yarışmasının Azərbaycan finalında "Tamaşaçıların ən sevimli startap” adına layiq görülüb. Reynercinin prototipi hazırda 22 led lampanı işıqlandırır ki, bu da təqribi 22 watt enerji deməkdir. Gənc ixtiraçı deyir ki, biz bu enerjini çoxaltmağın üzərində işləyirik. Bəzi ölkələrdə enerji həddindən artıq bahadır. Bunun üzərində işləyib enerjini çoxaltdıqdan sonra çox az pul xərcləməklə enerji ala biləcəyik”. Reyhan 5 yaşından kiçik "ixtira”lar etməyə başlayıb. "Robotlar”, kağızlardan xüsusi qurğular düzəldib. Qeyri-adi istedada malik bu gənc gələcəkdə dünyada dönüş yaradacaq layihələrə imza atmağı, "Nobel” mükafatını qazanmağı qarşısına məqsəd qoyub. Gənc ixtiraçı dünyada özündən sonra Lütfizadə kimi iz qoymaq istəyir: "Ən böyük arzum bütün dünyanı lərzəyə gətirəcək kəşflərə imza atmaqdır. İnanıram ki, kiçik ixtiralarım məni bu yola aparır. İnsanlığa xeyri olan biri olmaq istəyirəm”.




Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir. "İlk növbədə qadınlar, tərəqqi hamı üçün” şüarı altında keçirilən sammitdə qadın sahibkarların dəstəklənməsi və iqtisadi artımın dünya səviyyəsində saxlanması müzakirə edilir.

AzVision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti