Sizə Təkamülü anlatacaq kitab

Sizə Təkamülü anlatacaq kitab
  28 Noyabr 2017    Oxunub:4258
Noyabrın 26-da “Kaspian Plaza”da “Yaşıl Elm” platformasının hazırladığı "Təkamülə giriş" kitabının təqdimatı olub. Tədbirdə 200-dən çox insan iştirak edib.
Kitab təkamül nəzəriyyəsi barədə məlumatı olmayan və ya az məlumatlı olan, təkamül prosesinin necə işlədiyini bilməyən və ya az bilən, növlər, növlərin fərqləndirilməsi və adlandırılması kimi mövzular barədə məlumat sahibi olmaq istəyən şəxslərə tövsiyə edilir. Kitab 3 əsas fəsildən və iki məqalənin yer aldığı "Əlavələr" fəslindən ibarətdir. Kitabın qiyməti 7 AZN-dir.

“Təkamül düşüncəsinin tarixi” fəslində Pars və Misir mifologiyalarında və həmçinin Taoizmdə təkamül haqqında olan düşüncələr, Antik Yunanıstan və Roma filosoflarının canlıların dəyişməsi və ya ümumiyyətlə təbiətin dəyişməsi barədə fikirləri, onların irəli sürdüyü ilkin, ibtidai və bir qədər də mifoloji təkamül mexanizmləri, Qaranlıq Dövrün başlaması ilə elm ənənələrini mənimsəyən İslam dünyası filosoflarının canlıların dəyişməsi il bağlı fikirləri, Qaranlıq Dövrün sona çatması ilə bərabər başlayan İntibah Dövründə elm estafetinin yenidən Şərqdən Qərbə ötürülməsi nəticəsində Qərbdə elmin yüksəlişinin təsviri, dövrün fəlsəfəsi, elmi düşüncələri, Yerin formalaşması, canlıların yaranması və inkişafı haqqında Rene Dekart, Benoit Demeylet, Pyer Luis Mopertyui, Jorj-Lui Leklerk Kont de Büffon, Lord Mondobo, Erazm Darvin kimi dövrün parlaq şəxslərinin düşüncələri haqqında məlumat verilir.

“Canlılar necə müxtəlifləşir və ya təkamül nədir?” adlı fəsildə canlıların bir-biri ilə necə və nə dərəcədə bioloji qohum olduğu barədə yazılar yer alır. Fəsilin ilk başlarında nəsil ağacınızda zamanda keçmişə doğru səyahət edərək bir çox insanlar və insan növləri ilə qarşılaşacaq, səyahətinizin növbəti mərhələlərində ibtidai insanlarla, şimpanzelər, orqanqutanlar kimi qohum sayıldığımız canlılarla ortaq atalarımızla, məməlilər, sürünənlər, balıqlar və ən sonda ibtidai hüceyrəli canlılarla üz-üzə gələcəksiniz. Həmçinin, bu fəsildə növlərin necə sinifləndirildiyi, sinifləndirmədə yaranan çətinliklər haqqında məlumat alacaq, canlıların necə və hansı şərtlərdə dəyişib fərqliləşərək yeni xüsusiyyətlər qazanması və başqa növə çevrilməsi, növlərin fərqlilik qazanma mexanizmləri və bu mexanizmlərin işlədiyinə dair sübutlar, canlıların qazandığı fərqli xüsusiyyətlərin təbiət süzgəcindən necə keçdiyi və ya keçmədiyi, təbiətin fərqli canlıları necə seçdiyi və bu seçmə mexanizmləri barəsində məlumatlar yer alır.

“Təkamül nəzəriyyəsinin sübutları nələrdir?” adlı fəsildə isə Biocoğrafiya, Paleontologiya, Molekulyar biologiya, Müqayisəli anatomiya kimi elm sahələrinin təqdim etdiyi məlumatların təkamül nəzəriyyəsinə necə sübut təşkil etdiyi barədə məlumatlar yer alır. Eyni zamanda bu fəsil canlıların yaşadığı ərazilərin bir-birinə yaxınlığı, uzaqlığı kimi amillərin təkamül nəzəriyyəsinin sübutunda rolu, fosillər, fosilləşmə prosesi, bu prosesin çətinlikləri, fosillərin aşkar edilməsi, bənzər anatomik quruluşa sahib olan və olmayan, bənzər fəaliyyət göstərən müxtəlif canlı orqanları, canlıların genetikası və genetik analizlər vasitəsi ilə canlıların bioloji qohumluğunun müəyyən edilməsi haqqında məlumatlar, fosillərin aşkarlanması nəticəsində canlılar haqqında ortaya çıxmış bir çox maraqlı fakt təqdim edir.

“Əlavələr” fəsildə yer alan iki məqalə təkamül nəzəriyyəsi barədə ortaya çıxan əsas iki suala açıqlama gətirir. "İnsan meymundanmı təkamülləşdi?" məqaləsində insan və günümüz meymunları arasındakı əlaqə, "meymun" sözünün günlük və elmi ədəbiyyatda sitifadəsi, insanın təkamül ağacı, bu sualın tarixi haqqında məlumatlar yer alır, sualın ortaya qoyduğu bəzi çətinlikləri aradan qaldıracaq bilgilər təqdim edilir.

"Təkamül sürəti və ya canlılar təkamülləşməyə məcburdurlarmı?" başlıqlı məqalədə isə tez-tez ortaya çıxan "X canlısı heç dəyişməyib" tipli iddialar və anlaşılmazlıqların cavabları və bu barədə xüsusi detallar yer alır. Həmçinin, məqalədə təkamül sürətinin necə fərqli olduğu, sürətin dəyərinə təsir edən amillər və mexanizmlərdən bəhs edilir.



Teqlər: #Təkamül  





Xəbər lenti