Məşhur azərbaycanlı həkim: “Putin əməyimi yüksək qiymətləndirdi”

Məşhur azərbaycanlı həkim: “Putin əməyimi yüksək qiymətləndirdi”
  13 Noyabr 2017    Oxunub:14400
Azərbaycanlı tanınmış həkim Fuad Şamil oğlu Əliyev bu ilin noyabr ayının 4-də Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə səhiyyə sahəsindəki nailiyyətlərinə, uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətinə görə “Rusiya Federasiyasının əməkdar həkimi” fəxri adına layiq görülüb. F.Əliyev, həmçinin Rusiyanın koloproktoloqlar Assosiasiyasının yubley medalı ilə təltif edilib.
Qeyd edək ki, Fuad Əliyev 1965-ci ildə yanvar ayının 1-də Gürcüstanın Dmanisi rayonunda anadan olub. 1981-ci ildə Dmanisidə (Başkeçiddə) orta məktəbi bitirib. Tümen Tibb İnstitutunun məzunudur. Hazırda Tümen Dövlət Tibb Universitetinin ümumi cərrahiyyə kafedrasının müdiri, professordur. O, Borçalıda məşhur həkim kimi tanınan Şamil Əliyevin oğludur.

F. Əliyev bir çox yüksək səviyyəli təşkilatların, o cümlədən Rusiya həkim-koloproktoloqlar Assosiasiyasının, Beynəlxalq SMİ Akademiyasının, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Koloproktologiya” ekspert məsləhət komissiyasının, Tümen vilayətinin cərrahlar Assosiasiyasının üzvüdür. Dəfələrlə tibb sahəsindəki xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb.

Rusiya prezidenti tərəfindən təltif olunan həkim Fuad Əliyev AzVision.az-ın əməkdaşı ilə həmsöhbət olub. O, Putin tərəfindən tərəfindən yüksək mükafata layiq görülməsi ilə bağlı təəssüratlarını saytımızla bölüşüb:

- Rusiya prezidentinin sizi təltif etməsi ölkəmizdə sevinclə qarşılandı. Siz hansı hissləri keçirdiniz?

-Tələbələrimə mühazirə oxuyurdum. Birdən tələbələrimdən biri mənə dedi ki, prezident sizi təltif edib. Onlar prezidentin sərəncamını internetdən mənə oxudular. Və məni təbrik etdilər. Əlbəttə, mən çox sevindim. 30 ilə yaxındır ki, burada cərrah işləyirəm. Rusiya dövlətinin rəhbərliyi mənim əməyimi yüksək qiymətləndirdi. Buna görə onlara dərindən təşəkkür edirəm. Bu, böyük etimaddır.

-Rusiya prezidenti ilə görüşmüsünüzmü?

-Bir dəfə prezident Vladimir Putinlə görüşümüz olub. Amma təkbətək görüşümüz olmayıb. Başqa şəxslər də iştirak edirdi. Görüşdə tibb sahəsinin inkişafı ilə bağlı müzakirələrimiz oldu. O, bizə öz tapşırıqlarını verdi.



Hər kəsə təşəkkür edirəm. Mən uzaqda olsam da, Azərbaycanın adını təmsil edirəm. Bu, tək mənim yox, Azərbaycanın uğurudur. Rusiya vətəndaşı olsam da, azərbaycanlı olduğumu hamı bilir. Azərbaycanlı olduğumla fəxr edirəm.

-Azərbaycana gələ bilirsiniz?

-İşlərim çox olduğuna görə Azərbaycana tez-tez gedə bilmirəm.

-Bəs, gələcəkdə Azərbaycanda çalışmaq istərdinizm?

- Bunu zaman göstərər. Hələ buradayam.



-Yəqin ki, xəstələriniz arasında azərbaycanlılar da olur...

- Burada azərbaycanlı xəstələrim çox olur. Bəzən Azərbaycandan əməliyyat üçün mənə müraciət edirlər.

- Azərbaycanın səhiyyə sisteminin səviyyəsi sizi qane edirmi?

-Son illər Azərbaycanda müsbət mənada dəyişikliklər baş verir. Mən bunu kənardan izləyirəm. Uğurlarınıza sevinirəm.

-Həkimlərimiz haqda nə deyə bilərsiniz?

-Hər il tibb sahəsində yeni trendlər meydana çıxır. Müasir cərrahiyə ilə bağlı yenliklər tətbiq olunur. Qeyd edim ki, cərrahiyə sahəsində Azərbaycanda yüksək ixtisaslı kadrlar var. Mənim cərrah kimi yetişməyimdə müəllimlərimin böyük əməyi olub. Hər birinə dərindən təşəkkür edirəm.

- Həkim olmaq istəyən gənclərə nə demək istərdiniz?

- Gənclərə demək istəyirəm ki, hər şey sizin öz əlinizdədir. Gənclərin savadı, intellektual səviyyələri yüksək olsa, dövlətimiz güclü, mövqeyimiz bir o qədər möhkəm və sağlam olar.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Fuad-Əliyev   Həkim   Cərrah  





Xəbər lenti