Nuhun gəmisi Ermənistanın gerbində necə lövbər salıb? – ARAŞDIRMA

Nuhun gəmisi Ermənistanın gerbində necə lövbər salıb? – ARAŞDIRMA
  08 Noyabr 2017    Oxunub:35540
Hər bir ölkənin dövlət rəmzləri – gerbi, bayrağı, himni müstəqilliyin simvolu olmaqla yanaşı, eyni zamanda onun tarixinin, dünyada mövcudolma haqqının ən parlaq təzahürlərindən biridir. Xüsusilə dövlət gerbi və onun üzərində həkk olunmuş təsvirlər dövlətin tarixi keşmişini, mənşəyini, ideologiyasını obyektiv əks etdirməli, heç bir yalanı, saxtakarlığı daşımamalıdır.
Gerbin digər emblemlərdən fərqi ondadır ki, onların quruluşu, istifadəsi və hüquqi statusu xüsusi, tarixən təşəkkül tapmış qaydalara uyğun olmalıdır. Dövlət rəmzlərinin üzərindəki hər hansı bir saxtakarlıq elementi onun mənsub olduğu dövlətin də leqal mövcudolma statusunu, qədim tarixə malik olmasını şübhə altına alır. Buna ən parlaq misal kimi heç uzağa getmədən saxtakarlıqda misli-bərabəri olmayan Ermənistan dövlətini göstərə bilərik.

Ataların yaxşı bir məsəli var: “Kasıb itinin adını “Gümüş” qoyar”. Ermənistanın dövlət simvollarına nəzər saldıqda bu misalın doğruluğuna heç bir şübhə yeri qalmır. Kasıb, səfalət içərisində yaşayan, böyük dövlətlərin forpostu olmaq statusundan o yana gedə bilməyən ölkənin mühüm dövlət rəmzi hesab olunan gerbi saxta dəbdəbəsi və bərbəzəyi ilə elə təsəvvür yaradır ki, guya hansısa bir fövqəldövlətə məxsusdur.

Gerb aşağıdakı elementlərdən ibarətdir: Qalxanın ortasında guya Ermənistanın və erməni xalqının simvolu hesab olunan Ağrı dağı, onun zirvəsində isə Nuhun gəmisi. Bibliya əfsanəsinə görə umumdünya tufanından sonra gəmi Ararat adlı uca bir dağda lövbər salıb. Həmin dağın harada yerləşməsinə dair müxtəlif versiyalar var və indiki Ararat adlandırılan dağın müqəddəs kitabdakı dağ olması barədə heç bir sübut yoxdur. Eyni qaydada, Nuhun gəmisinin qədim Azərbaycan torpağı olan Naxçıvan ərazisində lövbər salması ehtimalı da var. Naxçıvan – “Nuh çıxan” toponiminin də buradan yarandığı ehtimal edilir. Naxçıvandakı “Gəmiqaya” və s. yer adları da məhz Nuhun gəmisi ilə bağlıdır.

Hətta bu ərazi Bibliyada adıçəkilən Ağrı dağı olsa belə, onun ermənilərə nə aidiyyəti var?! Bu dağ tarixi Türkiyə ərazisində olub və mövcuddur. Hazırda da dəniz səviyyəsindən 5165 metr yüksəklikdə olmaqla Türkiyə Cumhuriyyətinin ən yüksək nöqtəsidir. Amma ermənilər Ağrıdağı həm 1922-ci ilin fevralında qəbul etdikləri Ermənistan SSR-in gerbində, həm də müstəqillik dövründə qəbul etdikləri gerbdə utanmazcasına təsvir etməkdən çəkinməyiblər.

Belə bir diplomatik apokrif var ki, Ermənistan SSR-in gerbində Türkiyəyə aid Ağrı dağının təsvir edilməsilə razılaşmayan Türkiyə buna öz haqlı etirazını bildirmişdi. Həmin dövrdə SSRİ xalq xarici işlər komissarı olan Çiçerin isə belə cavab veribmiş: “Bəs nəyə görə Türkiyənin bayrağında Ay təsviri var?! Axı Ay da Türkiyənin deyil”! Çiçerinin bu cavabı sarkazm doğurmaya bilməz, eyni zamanda orada həqiqət payı da var. Yəni, nə olsun ki, Ağrıdağ Ermənistana aid deyil, Ay türklərin olmadığı və insanlar üçün əlçatmaz olduğu halda türk bayrağında təsvir edilib, Ağrıdağ da ermənilərə aid deyil və onlar üçün Ay qədər əlçatmazdır, amma yenə də təsvir edilib.

Əminliklə demək olar ki, Ağrı dağının Ermənistanın dövlət rəmzi hesab olunan gerbin üzərində əks olunmasının heç bir hüquqi, tarixi, coğrafi, etimoloji əsası yoxdur. Hüquqi baxımdan ona görə ki, bu, Ermənistanın Türkiyəyə qanunsuz və əsassız ərazi iddialarının olmasının göstəricisidir. Eyni zamanda, Türkiyənin tarixi ərazilərini nə vaxtsa öz xəstə təxəyyüllərini reallaşdırararaq geri qaytarmaq xülyalarının əyani təzahürüdür. Dünya birliyi 1923-cü ildə Osmanlı imperiyasının süqutundan sonra Lozanna sülh müqaviləsinin şərtlərinə əsasən, Türkiyəni indiki sərhədləri çərçivəsində müstəqil dövlət kimi tanıyıb və həmin tarixdən etibarən ona qarşı hər hansı bir dövlətin torpaq iddiası və tələbi qanunsuzdur. Eyni zamanda, BMT yaradıldığı 1945-ci ildə Türkiyə dövlətini həmin sərhədlər çərçivəsində qəbul edib.

Ermənilərin Ararat adlandırdığı Ağrıdağın etimologiyasına nəzər saldıqda isə ona bu adın XIX əsrdə avropalı səyyahlar tərəfindən verildiyi məlum olur. İngilis dövlət xadimi, hüquqşünası və tarixçisi Ceyms Brays 1876-cı ildə öz səyahət xatirələrinin qələmə alındığı “Transqafqaz və Ararat” kitabında yazırdı ki, “yerli xalqalara (türklər, tatarlar (azərbaycanlılar), farslar və ermənilər nəzərdə tutulurdu) bu ad, yəni “Ararat” adı tanış deyil. C.Braysın fikrincə, bu ad həmin vaxt yerli əhali arasında rus dilinin geniş yayılmağa başlaması ilə əlaqədar yayılmışdı.

İranşünasların fikrincə, “Ararat” adı dağa Nuhun gəmisinin lövbər salması ilə əlaqədar Bibliya əfsanəsi ilə bağlı verilmiş ola bilərdi, çünki xristian avropalılar bölgədə ən hündür dağ olduğu üçün Nuh peyğəmbərin gəmisinin burada dayana biləcəyinə inanırdılar. Yəni “Ararat” adı dağa Bibliyada adıçəkilən hündür dağ ola biləcəyi ehtimalı ilə əlaqədar verilib. Həmin dağın məhz indiki Ağrıdağ və ya Araratı olması ilə əlaqədar isə dəqiq bir fikir yoxdur.

Hətta müasir Bibliya təfsirlərində də göstərilir ki, Nuhun gəmisinin indiki Ararat dağında lövbər salmasına dair heç bir dəlil-sübut yoxdur. Ermənilərin bu barədə uydurmalarına gəlincə, məlum olur ki, Bibliyanın yalnız erməni dilinə tərcümə olunmuş bəzi variantlarında Nuhun gəmisinin Masisdə, yəni Araratda dayanması barədə uydurma fikirlər yer alıb. Nə orijinal Bibliyanın özündə, nə də ona dair şərhlərdə gəminin tufandan sonra Ermənistan deyilən ərazidə dayanmasının nəinki sübutu yoxdur, hətta buna işarə edəcək kiçicik bir eyhama belə rast gəlinmir.

İngilis yazıçısı, hərbçisi, siyasətçisi, casusu və tədqiqatçısı ser Uolter Reyli 1616-cı ildə yazdığı “Dünya tarixi” adlı əsərində qeyd edir ki, qədim zamanlarda Ararat dağı dedikdə bugünkü Ağrı dağı yox, Asiyadan şərqə doğru uzanan bütün uca dağ silsilələri nəzərdə tutulurmuş və Nuhun gəmisi hardasa Şərqdə lövbər salmışdı.

Daha bir avropalı Robert Tomson dağın adını Ayrarat əyaləti ilə əlaqələndirir, hansını ki, ermənilər “Böyük Ermənistan”ın vilayətlərindən biri və erməni torpaqlarının tarixi nüvəsi hesab edirlər.

Lakin nəinki bu torpaqların, hətta Ararat sözünün özünün belə, ermənilərə heç bir aidiyyəti yoxdur. Ararat - Assuriyanın şimalında yerləşən qədim Urartu dövlətinin və xalqının assuriya dilindəki adıdır.

Hətta Ağrı dağının erməni dilindəki ənənəvi adı – Masisin də ermənilərlə heç bir əlaqəsi yoxdur, Görkəmli rus – sovet tarixçisi və şərqşünası, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Qafqaz, İran və Qədim Rusiyanın orta əsrlər tarixini araşdırmış A.Novoseltsevin fikrincə, “Masis” sözünün özü belə İran mənşəlidir və “böyük, nəhəng” deməkdir.

Bibliyaya daxil olan ümumdünya tufanı barəsindəki əfsanələr qədim Mesopotamiya mənşəlidir. Lakin tufan barədə nağıllar, əfsanələr Avstraliyadan tutmuş, Okinava adası və hindu tayfalarınadək dünyanın bir çox qədim xalqlarının mifologiyasında mövcud olub. Bəzi tarixçilərin gəminin qalıqlarının tapıldığını iddia etdiyi tarixi Korduena vilayəti isə Yuxarı Mesopotamiyada, indiki Suriya və Türkiyənin sərhədlərində yerləşib. Həmin ərazi uğrunda hazırda İŞİD və PKK arasında qızğın döyüşlər gedir.

Ermənistanın gerbindəki qalxan tutmuş qartal və şir təsvirlərinin mənaları haqqınd isə BURADAN oxuya bilərsiniz.


Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər: #Ermənistan   #Gerb   #Nuh  





Xəbər lenti