Cenevrə görüşü: gözləntilər və nəticələr (ŞƏRH)

Cenevrə görüşü: gözləntilər və nəticələr (ŞƏRH)
  17 Oktyabr 2017    Oxunub:8782
Ötən gün Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Kiritk görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar. Bəyanat qeyd olunub ki, görüş konstruktiv keçib. Bildirilib ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar.
Ermənistan prezidenti Serj Sarkisyan danışıqlardan sonra İsveçrədə erməni diasporunun nümayəndələri ilə görüşdə qeyd edib ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı konkreet razılıq mövcud deyil.

“Problemin həlli variantları ilə bağlı konkret razılaşma yoxdur. Gərginliyin azaldılması üçün tədbirlər görmək barədə anlaşdıq. Azərbaycan prezidenti də, mən də bunda çox maraqlıyıq. İlham Əliyev problemin mürəkkəbliyini çox yaşı anlayır. Təbii ki, mən də. Bu, elə problemdir ki, sadə həlli olmayacaq”.

Cenevrə danışıqlarının nəticələrini AzVision.az-a şərh edən millət vəkili Elman Nəsirov bildirib ki, danışıqların nəticəsi nikbin olmağa əsas vermir: “Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə danışıqlarının nəticələri ilə bağlı əlimizdə olan yeganə məlumat mənbəyi Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri yaydığı birgə bəyanatdır. Həmin bəyanatdan belə çıxır ki, danışıqlar konstruktiv şəkildə keçib və tərəflər təmas xəttində gərginliyin azaldılması ilə bağlı ümumi razılığa gəliblər. Eyni zamanda bundan sonra danışıqların davam etdirilməsi məsələsində razılaşmanın ortada olduğu bəllidir. Lakin Ermənistan prezidenti danışıqların ardından, İsveçrədə erməni diasporunun nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə əsas verir ki, Sarkisyan manipulyasiya, siyasi manevrlərlə məşğuldur. O, qeyd edib ki, danışıqlar sonda Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına gətirib çıxarmamalıdır. Yəni, Dağlıq Qarabağın Azərbaycanın hüdudlarından kənarda saxlanılması Ermənistanın əsas niyyətidir”.

E.Nəsirov qeyd edib ki, Sarkisyanın danışıqların ardından verdiyi bəyanat Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiyinə işarədir: “Problem Dağlıq Qarabağdır. Həmçinin ətraf yeddi rayon işğal olunub. Belə olan vəziyyətdə həm yeddi rayonun azad olunması, həm də Dağlıq Qarabağın əvvəlcə keçid statusunun verilməsi, sonra isə referendum yolu ilə taleyinin müəyyən edilməsi Yenilənmiş Madrid Prinsiplərinin əsasını təşkil edir. Bu vəziyyətdə Sarkisyanın şərhi o qənaətə gəlməyə əsas verir ki, Ermənistan yenə Yenilənmiş Madrid Prinsiplərinin ümumi ruhuna uyğun olmayan mövqeyini ortaya qoyur. Çünki, bu prinsiplərdə heç bir halda Dağlıq Qarabağın Azərbaycanın hüdudlarından kənarda olması qeyd olunmayıb. Sarkisyan isə “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz” kimi ifadə işlədir. Ermənistan prezidenti müxtəlif siyasi ifadələrlə əsl niyyətinin ört-basdır etmək istəsə də, hər şey göz qabağındadır. O, Dağlıq Qarabağı Azərbaycanın tərkibində yox, müstəqil görür. Bu da ona işarədir ki, Ermənistanın mövqeyində bir dəyişiklik yoxdur və Azərbaycanın ərazi bütövlüyünü tanımır. Hesab edirəm ki, Cenevrə görüşü barədə müsbət bir şey demək mümkündür ki, o da danışıqlar baş tutub və gərginliyin azaldılamsı barədə ilkin razılaşma var. Ermənistanın hər zaman belə razılaşmaları pozduğunu və təxribatlara əl atdığını nəzərə alsaq, nikbin olmağa ciddi əsas yoxdur”.

Millət vəkili rasim Musabəyov AzVision.az-a deyib ki, danışıqlardan heç bir nəticə hasil olmayıb: “Nəticə odur ki, tərəflər cəbhə xəttində müəyyən sakitliyi təmin etməklə yanaşı, xarici işlər nazirlərinin dialoqu davam etdirməyi razılaşdırıblar. Ancaq, mahiyyətcə heç bir nəticə yoxdur”.

Ermənistan prezidentinin İsveçrədə erməni diasporunun nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlərə münasibət bildirən millət vəkili deyib ki, Sarkisyanın fikirləri boşboğazlıqdan irəli gəlir: “Münaqişənin sadə həll yolu bəllidir. Bu yol ondan ibarətdir ki, işğala son qoyulmalıdır. Ancaq, Sarkisyan Qarabağı Azərbaycandan qopartmaqdan başqa yol düşünmür. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, biz ermənilərə bir qarış torpaq da verməyəcəyik. Azərbaycanın da, Ermənistanın da mövqeyi məlumdur. Ermənilər problemin dinc yolla həllini istəyirlərsə, işğal olunmuş ərazilərdən dərhal çıxmalıdırlar. Bunun başqa düsturu yoxdur. Bu müstəvidə danışıqlar bərpa olunub, irəlilədiyi halda cəbhə xəttində sabitlik qorunub saxlanılacaq”.

R.Musabəyov vurğulayıb ki, Ermənistan münaqişənin həllini süni yolla uzatmaqla, imitasiya ilə məşğul olduğu halda onlara heç nə kömək etməyəcək: “Bu hal baş verdiyi təqdirdə cəbhədə gərginlik, hərbi təzyiq olacaq. Gərginliyin azaldılmasına dair razılaşma Ermənistanın özünü necə aparmasından asılı olacaq. Biz görsək ki, ermənilər, onları himayə edən qüvvələr işğala son qoyulmasının vacibliyini anlayırlar, o zaman bu danışıqların əhəmiyyəti olacaq, cəbhədə sabitlik də qorunub saxlanılacaq”.

Millət vəkili Sahib Alıyev isə AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycan danışıqlarda diktə edən tərəf olmaqla yanaşı, həm də danışıqları diktə edən tərəfdir: “Mən tərəflərin həmsədrlərlə birgə yaydıqları bəyanata diqqət yetirlməsini istərdim. Orada bir cümlə var: “Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar”. Bu, ilk növbədə o deməkdir ki, son vaxtlar danışıqlardan qaçan Ermənistan rəhbərliyi onun intensivləşdirilməsi haqda üzərinə öhdəlik götürür. Ardıcıllıqdan da görünür ki, cəbhədə gərginliyin azaldılması üçün əlavə tədbirlər görülməsi məhz bu məsələyə bağlıdır. Əgər Azərbaycanın tələb etdiyi kimi danışıqlar fəallaşmasa və substantiv xarakter almasa, cəbhədə gərginlik azalan deyil. Bir sözlə, Cenevrə görüşü göstərdi ki, Azərbaycan danışıqlarda diktə edən tərəf olmaqla yanaşı, həm də danışıqları diktə edən tərəfdir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Cenevrə   Qarabağ  





Xəbər lenti