ABŞ-Türkiyə qalmaqalında Rusiya izi - ŞƏRH

ABŞ-Türkiyə qalmaqalında Rusiya izi - ŞƏRH
  12 Oktyabr 2017    Oxunub:7284
Son günlər ABŞ-Türkiyə münasibətləri olduqca gərgin hal alıb. Tərəflər arasında diplomatik qalmaqal ötən həftə Türkiyədə ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra baş verib. Rəsmi Ankara onu Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir.
Lakin rəsmi Vaşinqton ittihamları qəbul etməyib. Hətta vəziyyət o hədəd çatıb ki, oktyabrın 9-da Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsi prosesi tam dayanıb.

İki NATO ölkəsinin münasibətləri nədən bu həddə qədər pisləşib? Problemdən çıxış yolu nədir?

Politoloq Qabil Hüseynli bildirib ki, iki NATO dövlətinin bir-biri ilə qarşıdurma şəraitinə gəlib çıxması anormal vəziyyətdir: “Bu proses birdən-birə yaranmayıb. Uzun müddət idi ki, ABŞ-Türkiyə münasibətləri soyumaqda idi. Burada birinci təkan FETÖ-nün ABŞ təərfindən müdafiə edilməsi oldu. Bundan sonra Türkiyə siyasi oriyentasiyasını xeyli dəyişdi və Rusiya ilə ciddi surətdə yaxınlaşmağa başladı. Hətta NATO dövləti olmasına baxmayaraq, Türkiyə Rusiyadan müxtəlif növ silahlar almağa başladı. Bunu isə ABŞ qəbul etmir. Üstəlik də Rusiya və Türkiyənin birlikdə İdlibdə əməliyyatlara başlaması ABŞ-ı narazı salan məqamlardır. Bununla yanaşı ABŞ özü də Türkiyəyə ziyan verən hərəkətlər etdi. Kürd muxtariyyətinin yaradılmasında ABŞ-ın illeqal formada əlinin olduğu sübut olunub. Münasibətlər o halda pozulub ki, tərəflər bir-birinin ziyanına olan hərəkətləri etməkdən çəkinmirlər”.



Politoloq hesab edir ki, gərgin vəziyyəti düzəltmək üçün hər iki tərəf ciddi səy göstərməlidir: “Təəssüf ki, ABŞ tərfindən müdrik səylər gözləmək yersizdir. Türkiyə tərəfindən isə münasibətləri qaydaya salacaq cəhdləri gözləmək olar. Hər halda bunu güman edirəm. Bununla belə düşünürəm ki, viza ilə bağlı problem tezliklə qaydasına qoyulacaq. Amma, dövlətlərarası sistemin bərpası üçün hər iki tərəfdən ciddi cəhdlər edilməlidir. Əgər ABŞ təkəbbüründən, Türkiyə isə FETÖ ilə bağlı məsələləri çözməkdən imtina etsə, münasibətlər tədricən axarına düşə bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, ABŞ Türkiyə ilə münasibətləri qəsdən gərginləşdirir:

“İkinci Dünya Müharibəsindən sonra ABŞ və Türkiyənin strateji müttəfiqliyi zərurətdən irəli gəlirdi. “Soyuq Müharibə” illərində ABŞ Türkiyəni SSRİ-dən qoruyurdu. Ona görə bu ölkədə nüvə başlıqları yerləşdirmişdi. Açıq demək lazımdır ki, 90-cı illərə qədər Türkiyə ABŞ-ın siyasətindən kənara çıxmırdı. Amma “Soyuq Müharibə bitdi. SSRİ çökdü. Türkiyə isə regionda əsas oyunçuya çevrilmək istədi. Son bir ildə isə ABŞ-Türkiyə münasibətlərdə müəyyən soyuqluq və gərginlik yaşanmağa başladı. Hazırda Türkiyə və ABŞ arasındakı münasibətlərdə çoxlu sayda gərginlik ocaqları var.

Birinci, ötən il Türkiyədə dövlət çevrilişinə cəhdin başında dayanan şəxsin hələ də ABŞ-ın Pensilvaniya ştatında rahat şəkildə yaşaması və fəaliyyət göstərməsi münasibətlərə ciddi təsir göstərir. ABŞ nəinki onu həbs edərək Türkiyəyə təhvil vermir. Əksinə Fətullah Gülən orada istədiyi şəxsləri qəbul edir, tapşırıqlarını verir.


İkinci məqam Suriya məsələsi ilə bağlıdır. Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin sessiyasında amerikalı həmkarı Donald Trampla görüşmüşdü. Tramp həmkarına bildirdi ki, biz Türkiyənin mövqeyini yaxşı başa düşürük. Elə həmin gün ABŞ hərbi texnikasının PKK terror təşkilatının iki törəməsi YPG və PYD-yə necə silah daşıması ilə bağlı şəkillər yayıldı. Dəfələrlə Türkiyə bildirdi ki, düşmənlərinə silah verilməsin. Ancaq, ABŞ fərqli siyasət yürütdü və heç nə qazanmadı. Buna görə də Türkiyə Rusiya ilə əməkdaşlıq etməyə başladı. Hazırda Rusiya-Türkiyə əməkdaşlığı daha böyük vüsət alıb və ABŞ-ın Suriyada elə də böyük rolu qalmayıb. Əksinə Rusiya şərait yaratdı ki, Türkiyə ordusu İdlibə daxil olsun. Son hadisə - Türkiyədə Fətullah Gülənə bağlı insanların həbs ilə bağlıdır. Həbslər dalğasının bir ucu da ABŞ səfirliyinə və konsulluğuna çatıb və iki nəfər də həbs olunub. Sanki bunun acığına ABŞ viza verməkdən imtina edir. Əvvəlcə dedilər ki, bu, səfirin öz təşəbbüsü ilə baş verib. Təbii ki, inandırcı deyil, Səfir bu qədər böyük riskə gedərək iki ölkənin münasibətlərinin gərginləşməsinə səbəb olacaq addım ata bilməzdi. O zaman proqnozum belə idi ki, bu, Dövlət Departamentinin göstərişidir. Artıq bəllidir ki, səfir Vaşinqtonun təlimatı ilə bu addımı atıb. Bu, o deməkdir ki, ABŞ bilərəkdən Türkiyə ilə münasibətlərin gərginləşdirilməsinə çalışır. Bundan nə qazanacağı bəlli deyil. Çünki Türkiyə regionun açar dövlətidir. Doğrudur, Rusiya-Türkiyə əməkdaşlığı ABŞ-ı narahat edir. Əgər bu əlaqələr ABŞ-ı narahat edirdisə, əməkdaşlığın miqyasını azaltmaq, Türkiyəni özünə tərəf çəkmək üçün cəlbedici siyasət yürüdülməlidir. Əksinə Türkiyəni daha çox özlərindən uzaqlaşdırırlar. Bu, ABŞ-ın maraqlarına uyğun deyil. Reallıq budur ki, Türkiyə getdikcə qərbdən uzaqlaşır və Rusiya ilə yaxınlaşır”.

Politoloq hesab edir ki, ABŞ-Türkiyə əməkdaşlığında əmələ gələn dərin çatları bərpa etmək üçün ilk addım rəsmi Vaşinqton təərfindən atılmalıdır: “Bunun üçün ABŞ suriya siyasətinə göz gəzdirməlidir. Terrorçu kürdlərə dəstəyi dayandırmalıdır. Gülən məsələsinə aydınlıq gətirməlidir. Amma, ABŞ addım atmasa, Türkiyənin təkbaşına münasibətlərin istiləşməsinə yaşıl işıq yandırsın”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Rusiya   Ərdoğan   Putin   Tramp  





Xəbər lenti