Azərbaycanlı Həkimlərin V Türkiyə Forumu keçirilib

Azərbaycanlı Həkimlərin V Türkiyə Forumu keçirilib
  12 Oktyabr 2017    Oxunub:2929
Ankarada azərbaycanlı həkimlərin və tibb təhsili alan tələbələrin V Türkiyə Forumu keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı, Ankara Güven Xəstəxanasının dəstəyi ilə keçirilən foruma Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, rektor və dekanları, QHT və KİV təmsilçiləri, 40-dan çox məruzəçi və Türkiyə, Azərbaycan, Almaniya və Rusiyadan 300-ə yaxın həkim və tibb sahəsində təhsil alan tələbə qatılıb.

“Nümunəvi həkim olmağa doğru” şüarı ilə təşkil olunan Forumda əvvəlcə ümummilli lider Heydər Əliyevin və Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Forumun açılışını edən Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Şahin Hanalioğlu forumların missiyası və tarixçəsindən, dərnəyin fəaliyyətindən və gələcək planlarından bəhs edib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da iştirakçıları salamlayaraq, forumların iki ölkə üçün önəmini vurğulayıb. Açılış mərasimində həmçinin, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Türkiyənin tibb təhsilli universitetlərin rəhbər heyəti çıxış edərək iki qardaş ölkə arasında başda səhiyyə, elm və təhsil olmaqla müxtəlif sahələrdəki əməkdaşlığın önəminə diqqət çəkib, forumun işinə uğurlar arzulayıblar.

Sonra Türkiyənin rəsmi dairələrindən Foruma göndərilən təbrik məktubları oxunub.

Rəsmi açılışdan sonra isə Hacettepe Universiteti tibb fakültəsinin keçmiş dekanı, professor İskender Sayekin "Nümunəvi həkim olmağa doğru" mövzusunda elmi məruzəsi dinlənilib.

Forumda müxtəlif panellərdə tibb təhsili, Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin problemləri, uzman həkimlərin Azərbaycandakı iş imkanları və səhiyyə sisteminə töhfələri, xaricdə tibb təhsili və uzmanlıq imkanları və digər mövzularda bir-birindən maraqlı müzakirələr həyata keçirilib.

Xüsusilə, Türkiyədəki azərbaycanlı həkimlərin problemlərinin həlli üçün Azərbaycanlı Həkimlər Dərnəyinin son illərdə gördüyü işlər və əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib.

Proqramın ilk günü həmçinin Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı xüsusi panel də baş tutub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Azərbaycanda bu sahədə olan yeniliklərdən, gələcək planlardan bəhs edib və gənc həkimlərin suallarını cavablandırıb. Azərbaycan Səhiyyə Nazirliyinin təmsilçisi Səidə Rüstəmova, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov da öz məruzələrində Azərbaycan tibb təhsili və səhiyyə sistemindəki dəyişikliklər, əldə olunan uğurlar və gələcək planlardan bəhs ediblər. Türkiyədə təhsil alan ilk azərbaycanlı tələbələrdən olan tanınmış cərrah Vaqif Qələndər isə xatirələrini və 25 illik təcrübəsini iştirakçılarla bölüşüb.

"Sənətkar baxışı ilə nümunəvi həkimlik" panelinə Azərbaycanın incəsənət xadimləri – aktyor və rejissor Cahangir Novruzov və pianist İslam Manafov da qatılıb, sənətçilər həkimliyi fərqli bir perspektivdən dəyərləndirərək gənc həkimlərlə həyat təcrübələrini bölüşüb, onlara məsləhətlər veriblər.
Birinci günün proqramı İslam Manafovun unudulmaz canlı piano ifası ilə sona çatıb. Sosial proqram çərçivəsində təşkil olunan qala gecəsi də bütün iştirakçılar üçün milli musiqi və rəqslərlə yadda qalan bir xatirə olub.
Forumun 2-ci günündə Azərbaycanın tanınmış həkimlərinin iştirakı ilə "Uzman həkimlərin Azərbaycanda iş imkanları, qazandıqları uğurlar və səhiyyə sisteminə töhfələri" adlı panel təşkil olunub. Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev və digər həkimlərin çıxışları dinlənilib.

Təhsillərini xaricdə davam etdirmiş həkimlər Kamran Ağayev və Vüqar Yaqublu isə iştirakçılara ABŞ və Almaniyadakı təhsil və elmi araşdırma imkanları haqqında məlumat veriblər.

Forumun sonunda Azərbaycanlı Həkimlər Dərnəyi idarə heyəti üzvləri Şahin Hanalioğlu, Fərid Qasımzadə, Nəsiman Alılı və Bəylər Bəylərov iştirakçılarla dərnəyin gələcək planları və Azərbaycanla yaxın əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Türkiyə Cümhuriyyətinin səhiyyə naziri Əhməd Demircan Türkiyənin bu günə qədər olduğu kimi, bundan sonra da səhiyyə sahəsindəki bilik və təcrübələrini qardaş Azərbaycanla bölüşməyə davam edəcəyini deyib.

AzVision.az


Teqlər: Forum  





Xəbər lenti