Ali Neft Məktəbində “Məzun günü” keçirildi - Fotolar

Ali Neft Məktəbində “Məzun günü” keçirildi - Fotolar
  14 İyul 2017    Oxunub:4087
Bakı Ali Neft Məktəbində (BANM) ilk “Məzun günü” keçirilib. Tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qari Counz, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, SOCAR və BP şirkətlərinin rəsmiləri və müəssisələrinin rəhbərləri, ali məktəblərin rektorları, transmilli şirkətlərin nümayəndələri, Böyük Britaniyanın Heriot-Watt Universitetinin nümayəndələri, Ali Məktəbin professor-müəllim heyəti, məzunlar və valideynlər iştirak edib.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə 1 may 2017-ci il tarixində keçirilən BANM-in yeni kampusunun açılışına həsr olunmuş video-çarxın nümayişi ilə başlayıb. BANM-in rektoru Elmar Qasımov çıxış edərək qonaqları salamlayıb, məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib onlara gələcək həyatlarında və peşə fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin gənclərə olan qayğısı nəticəsində ölkəmizdə hər sahədə, eləcə də, ali təhsil ocaqlarında onların yüksək səviyyəli təhsil almaları üçün hər cür şərait yaradılıb. “Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış, ölkəmizin intellektual gəncliyinin BANM-dən məzun olmaları bizim üçün qürurverici hadisədir”,- rektor vurğuladı. Elmar Qasımov BANM-in məzunlarının uğurlarından söhbət açaraq, qeyd etdi ki, Ali Məktəbin bir sıra məzunu dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin magistratura pilləsinə təqaüd qazanmaqla daxil olublar. Digərləri isə SOCAR-Türkiyə, Star Refinery, BP və bu kimi transmilli şirkətlərə işə qəbul olunublar. SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev BANM-in ilk məzunlarını təbrik edərək onlara Azərbaycanın milli təhsil brendi olan Bakı Ali Neft Məktəbin ənənələrini davam etdirib yüksək səviyyəli bir neft-qaz mütəxəssisi olacağını arzulayıb. “Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən bizim qarşımıza qoyulan vəzifələr, “Biz neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsi artıq yerinə yetirilir və siz gənclər Azərbaycanın gələcəyini quran mütəxəssislər kimi yetişəcək, gələcək inkişafımız üçün yüksək səviyyədə sənayemizi inkişaf etdirəcəksiniz”,- SOCAR-ın prezidenti dedi.



BP şirkətin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qari Counz Ali Məktəbin fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq, gələcəkdə bu amilin Ali Məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib. Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, BANM-in tələbələri “Məzun günü” münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. O, ingilisdilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM-də yetişdirilən gələcək mühəndis kadrların Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaratdığını deyib. F.Qurbanov vurğuladı ki, ali təhsilli mühəndis kadrlar sənayenin və iqtisadiyyatın digər sahələrinin sürətli inkişafında bundan sonra da öz sözlərini deyəcək, ölkəmizə sədaqətlə xidmət edəcəklər. Heriot-Watt Universitetinin dekanı və Mühəndislik və Təbiət elmləri institutunun rəhbəri Piter Kyu BANM-in məzunlarını təbrik edərək onlara gələcək karyeralarında uğurlar və yeni-yeni nailiyyətlər arzuladı.



O, Ali Məktəbin məzunlarının Azərbaycanın gələcəkdə mühəndislik sahəsində ən peşəkar kadrları olacağına əminliyini vurğuladı. “Məzun günü” diplomların təqdim olunma mərasimi ilə davam edib. 2016/2017-ci tədris ilində Ali Məktəbinin 102 məzunu BANM-in və Heriot Vatt Universitetinin diplomlarını alıb. Xatırladaq ki, Şotlandiyanın Edinburq şəhərində yerləşən Heriot-Vatt Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında iki diplom layihəsi çərçivəsində mütəxəssis hazırlığı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə çərçivəsində Ali Məktəbdə bakalavriat səviyyəsində “Neft-qaz mühəndisliyi “ və “Kimya mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığı Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirilir. Daha sonra “Kimya mühəndisliyi” ixtisası üzrə birincisi olan Əhməd Qələndərlini və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə birincisi olan İbrahim Məmmədov plaketlə təltif olunublar. İbrahim Məmmədovun adı simvolik kötüyə həkk olunub.



Məzunların doğma Bakı Ali Neft Məktəbinə və sevimli müəllimlərə minnətdarlıq duyğularını Fəhmin Hüsüzadə və Fidan Səlimzadə çatdırıblar. Onlar, BANM-də təhsil alan məzunların layiqli kadrlar kimi yetişməsində zəhməti olan hər kəsə minnətdarlığını bildiriblər. Valideynlər adından çıxış edən, “Kimya mühəndisliyi” ixtisası üzrə məzunu Kəmran Əliyevin atası - Faiq Əliyev, BANM-in rəhbərliyinə, professor və müəllimlərinə gənc nəslin təlim və tərbiyəsində sərf etdikləri əməyə görə təşəkkürünü bildirib. Tədbirin bədii hissəsində Bakı Kaledoniya cəmiyyəti və Azərbaycanın tanınmış kollektivlərindən biri olan Natiq ritm qrupunun çıxışları ilə məzunları təbrik etdilər. Sonda mantiya geyinmiş məzunların ənənəvi “papaq atma” mərasimi keçirilib.

AzVision.az




Teqlər: məzun-günü  





Xəbər lenti