FES-in qərarları manata təsir edəcəkmi? – TƏHLİL

FES-in qərarları manata təsir edəcəkmi? – TƏHLİL
  05 May 2017    Oxunub:3221
Məlumdur ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) bu həftə ərzində iki gün keçirdiyi iclasın yekun nəticəsində uçot dərəcəsini artırmayaraq, 0,75% səviyyəsində saxlayıb. Əslində, bu, gözlənilən idi.
Ümumiyyətlə, FES-in bu dəfə uçot dərəcəsini artıracağı qabaqcadan da proqnoz edilmirdi. Məlumdur ki, adı çəkilən qurum tərəfindən faiz dərəcəsi sonuncu dəfə 2 ay əvvəl, yəni bu ilin martında artırılmışdı. Bundan əvvəl isə, belə bir qərar keçən ilin dekabrında qəbul edilmişdi. Ümumiyyətlə, 2008-ci ildəki məlum qlobal iqtisadi və maliyyə böhranından sonra faiz dərəcəsi ilk dəfə 2015-ci ilin dekabr ayında (0,25%) olmaqla, ikinci dəfə keçən ilin yenə dekabrında (0,25%), sonuncu dəfə isə qeyd etdiyim kimi, bu ilin martında (0,25%) olmaqla, üst-üstə üç dəfə artırılıb.

Məsələ bundadır ki, keçən ilin dekabr ayında sözügedən qərar qəbul olunduqdan sonra bəyan edilmişdi ki, 2017-ci il ərzində 3 dəfə də bu cür addım atılacaq. Bunun birincisi qeyd etdiyim kimi mart ayında həqiqətən də reallaşdırıldı. Ancaq cari ilin yerdə qalan müddəti ərzində isə faiz dərəcəsinin həqiqətənmi 2 dəfə də artırılacağı inandırıcı görünmür.

Hazırda FES-in faiz dərəcəsi 0,75% səviyyəsindədir. Qurumun rəhbəri Canet Yellen xanım bildirmişdi ki, ölkə iqtisadiyyatı üzrə göstəricilərdə dinamika mövcud tempdə inkişaf etməkdə davam edərsə, dərəcəni 1,25%, hətta 1,5% həddədək də qaldırmaq imkanı var. Bu, mümkündürmü?!

Əmin deyiləm. Niyə? Əvvəla, ABŞ prezidenti Donald Tramp da bu yaxınlarda açıq bəyan etdi ki, dolların möhkəmlənməsi ölkə iqtisadiyyatının inkişafı və genişlənməsi üçün ziyandır. Çünki bu, ixracı zəiflədir: Amerika malları baha olur. İkincisi də, ortada Çin və Avropa İttifaqı və bu İttifaqın Almaniya, Fransa, İtaliya və sair kimi ölkələri var. Bunların hamısı Amerika ilə qarşılıqlı iqtisadi və ticarət əlaqələrindədirlər. Məsələn, Almaniya ABŞ-dan aldığından çox, bu ölkəyə ixrac edir. Çünki Amerika böyük bir bazardır. Odur ki, adlarını çəkdiyim bu ölkələrdə ixracı stimullaşdırmaq məqsədilə “yumşaq valyuta” siyasəti həyata keçirilir.

Belə ki, məsələn, Avropa Bankı neçə müddətdir avronun dəyərini qaldırmır, yəni uçot dərəcəsini artırmır. Çin isə yuanın məzənnəsini aşağı səviyyədə saxlayır. FES isə bütün bunların müqabilində faiz dərəcəsini artırmaq siyasətini davam etdirərsə, sözsüz ki, bununla öz ixracına və yerli istehsala deyil, digər ölkələrinkinə xidmət göstərəcək.

Yeri gəlmişkən, ABŞ iqtisadiyyatında artım sürəti də azalıb. Belə ki, 2017-ci ilin ilk rübü ərzində illik ifadədə cəmi 0,7% səviyyəsində ümumi daxili məhsul istehsalı qeydə alınıb. Bunun başlıca səbəbinin isə istehlakçıların fəallığının azalması olduğu göstərilir. Ekspertlər qeyd edirlər ki, bu tendensiya qalıcı ola bilər, əgər, prezident D.Trampın seçki dövründə elan etdiyi proteksionist layihələr, o cümlədən, vergilərin azaldılması ilə əlaqədar islahatların icrası və iri investisiyalar kimi məsələlər reallaşdırılmamış qalarsa...

Odur ki, FES-in iyunda (növbəti iclas məhz iyunda keçiriləcək) da uçot dərəcəsini artıracağı hələki 50/50% ehtimalında görünür. Lakin bu o demək deyil ki, FES uçot dərəcəni il ərzində heç bir dəfə də varsa, artırmayacaq.

Bu il ərzində faiz dərəcəsi 1 dəfə də olsa, artırılacaq. Çünki ABŞ iqtisadiyyatında vəziyyət yaxşıdır. Üstəlik, martdakı artımdan sonra dünyanın maliyyə və o cümlədən, əsas xammal bazarlarında əvvəlkitək mənfi təsirlər yaşanmadı. Xüsusən də, neftin qiyməti düşmədi. Odur ki, hesab edirəm, FES faiz dərəcəsini 1%-dək qaldıracaq. Ancaq bunun cari ilin I yarısının sonuna kimi, yoxsa II yarısında edələcəyini demək çətindir...

FES-in sonuncu, ümumiyyətlə gələcək qərarlarının manatın vəziyyətinə təsirinə gəldikdə isə, birdəfəlik yadda saxlamaq lazımdır ki, FES-in qərarların birbaşa olaraq manatın dəyərinə heç bir təsiri yoxdur və ola da bilməz. Çünki manat yena, yuan, avro və sair kimi sərbəst dönərli valyuta deyil. Manatın arxasında neftdən başqa hələ ki ciddi şəkildə heç bir növ məhsul dayanmır. Dollar dünyada möhkəmlənərkən manat ona nəzərən ona görə dəyər itirir ki, neft ucuzlaşır.

Odur ki, hər şey neftin qiymətindən asılıdır. Bayaq qeyd etdim ki, FES-in sonuncu dəfə faiz dərəcəsini artırmaq haqda qərarı neftin qiymətinə təsir göstərmədi. Yaxında neftin qiymətini başqa səbəblər ucuzlaşdıra bilər ki, ona görə də bilavasitə manatla əlaqədar bizi, FES-in faiz dərəcəsinə dair nə kimi qərar qəbul edəcəyi deyil, başqa proseslər maraqlandırmalı və digər tendensiyaları nəzərdə saxlamalıyıq.

Yeri gəlmişkən, son məlumatlara əsasən, dünya bazarında “Brent” markalı neftin qiyməti 48 dollardan aşağı düşüb. Bu isə, heç də yaxşı hal deyil.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Manat   #FES   #Neft   #Təhlil  





Xəbər lenti